“Bu il özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqqısından 3 faiz vergi hesablanacaq. Əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib.
“Əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.
Deputat deyib ki, nəzərdə tutulan dəyişikliklər mikrosahibkarlar üçün heç bir maneə, problem yaratmır:
“Növbəti ildən etibarən mikrosahibkarlar üçün vergilər daha da azaldılacaq. Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Yəni bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”.
Safura Bənnayeva
Globalinfo.az