Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü bir sıra strateji məsələlərlə yadda qaldı. Lakin görüşün ən diqqətçəkən məqamlarından biri şahzadənin Trampdan Sudanda baş verən qırğınlara son qoyulması üçün fəallıq göstərməsini xahiş etməsi oldu.
Yaxın Şərqdə Qəzza müharibəsinin bütün dünyanın gündəmində olduğu bir vaxtda Salmanın məhz Sudan məsələsini ön plana çıxarması diplomatik müstəvidə çoxsaylı suallar doğurur. Bu, həm Səudiyyənin regiondakı maraqlarının yeni konturlarını, həm də Afrika siyasətində artan aktivliyini ortaya qoyur.
Vəliəhd şahzadə nə üçün Qəzzanı deyil, məhz Sudanı gündəmə gətirdi? Bu ölkə Səudiyyə üçün niyə bu qədər önəmlidir?
Globalinfo.az-a danışan politoloq Kazım Kazımlı deyib ki, Sudandakı problemləri həll etmək Qəzza münaqişəsini bitirməkdən daha asandır:
“Sudandakı proses faktiki olaraq vətəndaş müharibəsidir. Hər iki tərəf şiddətli döyüşlər aparsa da, əslində böyük beynəlxalq dəstəkdən məhrumdur. Yalnız Körfəz ölkələrinin dəstəyi var ki, Səudiyyə Ərəbistanı bu dəstəyin qarşısını ala bilər.

Kazım Kazımov
Sudan ərəb coğrafiyasının bir parçasıdır. Yəni bu ölkənin yerli xalqı özünü ərəb olaraq görür. Səudiyyə Ərəbistanı isə hazırda özünü ərəb dünyasının lider dövləti hesab edir. Buna görə də, Sudandakı münaqişənin həllinə nail olmaqla prestij qazanmağı hədəfləyir.
Qəzzada artıq atəşkəs əldə edilib. Bu məsələdə üç qarant ölkə var: Qətər, Türkiyə və Misir. Ona görə Səudiyyə Ərəbistanı diqqətini Sudana və ümumi mənada Afrikaya yönəldib. Riyad bu regionu həm də yeni investisiya qapısı kimi görür”.
Turan Rzayev
Globalinfo.az