Türkiyə Azərbaycanla münasibətlərini koordinasiya və həmrəylik prinsipləri üzərində formalaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etməkdədir.
“8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesində nümayiş etdirilən siyasi iradə və Ermənistanla həyata keçirdiyimiz normallaşma prosesində əldə olunan irəliləyiş bölgədə uzun müddətdir gözlənilən dayanıqlı sülhə ümidləri artırdı. Biz Cənubi Qafqazda, o cümlədən Qarabağın bərpası və dirçəldilməsi istiqamətində sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərdə Azərbaycanla koordinasiya və həmrəylik içində fəaliyyətimizi davam etdiririk”, — Fidan bildirib.
Türkiyə XİN rəhbəri həmçinin Ankara–İrəvan münasibətlərinə də toxunub.
“Ölkəmizlə münasibətlərin normallaşdırılması istiqamətində açıq mövqe nümayiş etdirən Ermənistanla müxtəlif səviyyələrdə dialoqu davam etdiririk və atıla biləcək konkret addımlarla bağlı birgə fəaliyyətimizi səmimi şəkildə irəli aparırıq. Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasına və bölgədə ümumi rifah zonasının yaradılmasına çalışacaq”, — Fidan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az














