Türkiyədə yaşanan olay Azərbaycanda təlaş yaratdı – Yeni risk

Türkiyədə yaşanan olay Azərbaycanda təlaş yaratdı – Yeni risk

Noyabrın 13-də İstanbulda bir ailənin faciəsinə səbəb olan zəhərlənmə hadisəsi böyük rezonans doğurub. Belə ki, tətil üçün Almaniyadan Türkiyəyə gedən dörd nəfərin kumpir və ya midyedən öldüyü iddia edilir. Əvvəlcə uşaqlar və ana, ertəsi gün isə ailə başçısının da vəfat etməsi təhlükənin miqyasını daha da artırıb. Sözügedən olay Azərbaycanda da özəlliklə küçə yeməkləri ilə bağlı narahatlığı artırıb.

Türkiyədə yaşananlar ölkəmizdə də təkrarlana bilər? Oxşar risklərdən qorunmaq üçün nə edilməlidir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, kumpir üçün seçilən kartoflar bəzən texniki növ olur:

“Belə kartoflar qida yox, əsasən yem və ya texniki spirt istehsalı kimi müxtəlif proseslər üçün nəzərdə tutulur. Ölçüləri böyük olduğuna görə kumpir üçün yararlı olur və bəzən satıcılar bunlardan istifadə edirlər. Restoranlarda və iaşə müəssisələrində iri kartof seçimi tövsiyə edilsə də, bu, yanlışdır. Bu o demək deyil ki, böyük tərəvəzin hamısı zərərlidir. Kartof iri olsa da, standart ölçülərə və keyfiyyət göstəricilərinə uyğundursa, problem yaratmır. Amma bazarda rast gəlinən kobud səthli, qabarıqlı, həm iri ölçülü, həm də qeyri-standart görünüşlü kartoflarda solanin maddəsinin miqdarı yüksək olur. Solanin dozası normadan artıq olduqda qida zəhərlənməsinə səbəb ola bilər. Digər tərəfdən, kartoflar folqaya bükülür və bu zaman qidanın birbaşa metalla təması zəhərlənməyə yol açır. Bu da əlavə kimyəvi risk yaradır”.

Türkiyədə yaşanan olay Azərbaycanda təlaş yaratdı – Yeni risk

Ağa Salamov

Mütəxəssis bildirib ki, folqaya bükülmüş kartofun isti vəziyyətdə saxlanılması da təhlükəlidir:

“Bu şəraitdə botulizm bakteriyası sürətlə çoxala, bu isə insan ölümünə gətirib çıxara bilər. Güman ki, Türkiyədə baş verən hadisənin də kartofda botulizmin çoxalması ilə bağlıdır. Beləliklə, həm mikrobioloji, həm də kimyəvi çirklənmənin zəhərlənmədə rol oynaması mümkündür. Vətəndaşlar kumpir alarkən diqqətli olmalıdırlar. Kartofların standart ölçülü olmasına, dadında, görünüşündə dəyişiklik, xüsusilə qaralma əlamətləri olmamasına fikir verilməlidir.  Ümumiyyətlə, imkan daxilində kumpirdən uzaq durmaq tövsiyə olunur. İnsanlar lavaş arasında lülə kabab, kotlet-kartof kimi dadlı və ənənəvi yeməklərə üstünlük verə bilərlər. İstehlak zamanı mütləq diqqətli və ehtiyatlı olmaq vacibdir”.

Ləman İmran
Globalinfo.az