İcra Hakimiyyətindəki qəbulda qalmaqal: vəzifəli şəxs… – Açıqlama/YENİLƏNİB

İcra Hakimiyyətindəki qəbulda qalmaqal: vəzifəli şəxs... – Açıqlama/YENİLƏNİB

Goranboy Rayon İcra Hakimiyyəti qurumun binasında baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Globalinfo.az “Azpolitika.info”ya istinadla xəbər verir ki, məlumatda bildirildiyinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında 05 noyabr 2025-ci il tarixində keçirilən vətəndaş qəbulu zamanı Qızılhacılı qəsəbə sakini Afiq Xanış oğlu İsgəndərov qanunsuz istifadə etdiyi ümumi istifadəli örüş torpaq sahələri, həmin torpaq sahələrində apardığı qanunsuz tikililər və ağac kəsimi ilə bağlı yerli bələdiyyə tərəfindən rayon Polis Şöbəsinə müraciət olunduğunu bildirib, buna görə həmin torpaq sahələrinin sənədləşdirilməsini və qanunsuzluqlarına göz yumulmasını təkidlə tələb edib.

“RİH başçısının müavini Zaur Əliyev bununla bağlı mövcud qanunvericiliyin tələblərini vətəndaşa izah etməyə çalışıb, lakin A.İsgəndərov qeyri-qanuni tələblərini uca səslə davam etdirib və münaqişə yaratmağa cəhd göstərib.

Bu barədə müvafiq Akt tərtib edilib və aidiyyəti üzrə rayon Polis Şöbəsi tərəfindən aparılmış qanunamüvafiq araşdırmanın nəticəsində məhkəmə qərarına əsasən, A.İsgəndərov barəsində 6 sutka inzibati həbs tədbiri görülüb.

Məlumat üçün bildiririk ki, A.İsgəndərov su idarəsinin icraçı direktoru deyil, Qızılhacılı Sudan İstifadəedənlər Birliyinin əməkdaşıdır”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, A.İsgəndərov məhkəmədə özünü Goranboy Su və Melorasiya İdarəsinin icraçı direktoru kimi təqdim edib.

***16:35

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Goranboy Rayon İcra Hakimiyyətində baş verən davaya münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, qurumdan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etdiyi üçün saxlanılan şəxsin İlqar Məmmədov olduğu barədə məlumat yayılıb:

“Qeyd edirik ki, xəbər başlıqlarında və paylaşımlarda istifadə olunan foto Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə–Daşkəsən Regional Bölməsinin rəisi İlqar Məhərrəmova məxsusdur.

Bu foto ilə yayılan məlumatlar həqiqəti əks etdirmir.

İctimaiyyətə bildiririk ki, həmin hadisədə iştirak edən şəxs İlqar Məmmədov (və ya İlqar Məhərrəmov) deyil, Goranboy rayonunun Qızılhacılı kənd sakini, 1962-ci il təvəllüdlü, Sudan İstifadə Birliyinin icraçı direktoru A. İsgəndərovdur.

Media subyektlərinin diqqətinə çatdırırıq ki, bu kimi məlumatlar dərc edilməmişdən əvvəl Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlanılaraq rəsmi mövqe dəqiqləşdirilməlidir.

***15:23

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü A.İsgəndərov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

A.İsgəndərov​ ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Zaur Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra Hakimiyyətindəki qəbulda qalmaqal: vəzifəli şəxs... – Açıqlama/YENİLƏNİB

İcra başçısının müavini isə qeyd edib ki, A.İsgəndərova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə A.İsgəndərov 6 sutkalıq həbs edilib.