fridrix merz

Almaniyanın kansleri Fridrix Merz ölkənin zəifləyən iqtisadiyyatını dirçəltməyi, köhnəlmiş infrastrukturu yenidən qurmağı və ölkənin qlobal nüfuzunu bərpa etməyi vədversə  də, bu istiqamətlərdə gözlənilən irəliləyişə nail olunmayıb.

Globalinfo.az xəbər verir bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bu vəziyyət həm ifrat sağçı AfD-nin güclənməsinə, həm də Merz hökumətinin sələfi Olaf Şolts kimi vaxtından əvvəl dağılacağı iddialarının artmasına səbəb olub.

RTL/n-tv sorğusunun nəticələri göstərir ki, almanların cəmi 16 faizi 70 yaşlı Merzin növbəti federal seçkilərdə yenidən namizəd olmasını istəyir. İki partiyalı koalisiya isə daxili münaqişələr səbəbindən ciddi iflic vəziyyətindədir.

Fridrix Merzin hakimiyyətə gəldiyi vaxt yüksələn Almaniya fond indeksləri yay aylarından bəri düşüb. Hökumətin vəziyyətini çətinləşdirən daha bir hadisə isə şənbə günü baş verib: kansler partiyasının gənclər qanadı Junge Union parlamentdə müzakirə olunan pensiya islahatına açıq şəkildə etiraz edib.

Fridrix Merz etirazçıların narahatlıqlarını paylaşdığını açıqlayıb. O, yaşlı nəsilin maraqlarının da nəzərə alınmalı olduğunu deyib.

Bu isə kansler üçün ciddi risk yaradır. Artıq 18 gənc mühafizəkar deputat qanun layihəsini bloklayacaqlarını açıqlayıb. Əgər bu baş verərsə, koalisiyanın digər tərəfi olan Sosial Demokratlar hökumətdən çıxmaq riski ilə üz-üzə qalacaq. Partiyanın lideri, maliyyə naziri Lars Klingbeil isə qanun layihəsində dəyişiklik edilməsinə qəti şəkildə qarşı olduqlarını bildirib.

Merz hakimiyyətə olduqca gərgin bir dövrdə gəlib: ABŞ-də qeyri-adi siyasi gərginliklər, Ukrayna müharibəsinin Almaniya sənayesinin enerji təchizatına təsiri, Çinlə münasibətlərdə gərginlik və immiqrasiya siyasəti ilə bağlı mübahisələr ölkədə ifrat sağın yüksəlişini sürətləndirib. Kansler ilk çıxışında bütün bu problemləri həll edəcəyinə söz vermişdi.

Bununla belə, iqtisadçılar hökumətin 500 milyard avroluq infrastruktur paketinin real təsirinin ən azı altı ay sonra görünəcəyini bildirirlər. Seçicilər isə qatarların gecikməsi, körpülərin istifadəyə yararsız vəziyyətdə qalması və avtomobil yollarının bağlı olması səbəbilə narazılıqlarını artıq açıq şəkildə ifadə edirlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: