masalli

Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin Xanalion kəndinin adını dəyişərək “Xanalıyan” etdiyi iddia olunur. Kənd sakinləri bu barədə Sitat.info saytına məlumat veriblər. Əksəriyyət kəndin adının erməni soyadına uyğun olduğunu qeyd edir.

Kənd adlarının dəyişdirilməsi Milli Məclisin qərarı ilə olmalı deyilmi? Bəs, Milli Məclis bununla bağlı qərar qəbul edibmi?

Globalinfo.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Xanalion kəndinin adının dəyişdirilməsi ilə bağlı Milli Məclisdə heç bir qərar qəbul edilməyib:

“Kənd adının dəyişdirilməsi asan proses deyil.  İlk növbədə yerli təşkilatlara müraciət edilir, sonra bu müraciətlər komissiyalar tərəfindən araşdırılır və Nazirlər Kabinetinə göndərilir. Əgər müraciət yerli sakinlər tərəfindən əsaslandırılarsa, sənəd hazır vəziyyətdə müvafiq quruma təqdim olunur.

cavansir pasazade

Cavanşir Paşazadə

Milli Məclisdə belə bir qanun qəbul edilməyib və kənd adlarını dəyişdirmək sadəcə bir şəxsin qərarı ilə mümkün deyil. Xanalion kəndi Xanəli adlı şəxsin məhəlləsi ilə bağlıdır. Ona görə də “Xanalyan” adının oraya aid edilməsi düzgün deyil”.

Deputat həmçinin qeyd edib ki, kənd və bölgələrin adlarının dəyişdirilməsi ciddi və mürəkkəb bir prosesdir:

“Bu, yalnız bələdiyyələrin yox, müvafiq komissiyaların razılığı ilə həyata keçirilir. Proses dövlət büdcəsindən böyük vəsaitin ayrılmasını, məktəblərin və digər obyektlərin adlarının dəyişdirilməsini, bütün sənədləşmənin yenilənməsini tələb edir. Yəni bu, yalnız bir şəxsin istəyi ilə mümkün deyil və qanunvericilik baxımından yolverilməzdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: