nocomment bc3d77cd9828628ac1cd07f483eaf5a7 mnlro1e9f4wbuv2zt03s

“Kapital Bank“ın yeni komissiya qərarı narazılıq yaradıb.

Globalinfo.az xəbər verir ki, “Birbank” istifadəçilərinə 27 noyabrdan etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında 1% komissiya tətbiq olunacağı barədə mesaj göndərilib.

Qərar sosial şəbəkələrdə geniş etirazla qarşılanıb. İstifadəçilər bildirirlər ki, bankın öz ATM-indən pul çıxarmağa komissiya tətbiqi qəbul edilməzdir və bu addım kartda pul saxlamağın mənasını azaldır.

Bu praktikanın digər banklara da yayılacağı ilə bağlı narahatlıq artır.

Sözügedən paylaşımlara “Kapital Bank“ın reaksiyası isə belə olub:

“Nağdlaşdırma və digər yerli bank kartına köçürmə üzrə komissiyasız aylıq limit müştərinin maliyyə davranışına əsasən bank tərəfindən fərdi şəkildə təyin edilir. 27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında “Birbank”a məxsus bankomatlardan nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin “Birbank” kartlarından şəxsi vəsaitinizi “Birbank” (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.

Bankın açıqlamasına baxmayaraq, vətəndaşların şikayətləri davam edir.

Günel Cəlil
Globalinfo.az

Paylaş: