Sosial mediada paylaşım rekordu qıran bir foto Azərbaycan və Türkiyə xalqları arasında birliyin simvoluna çevrilib.
Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyet.com nəşri yazıb.
Nəşr Bakı küçələrində maşınına yüklədiyi yorğanları Türkiyəyə göndərmək üçün yardım mərkəzinə aparan azərbaycanlı Server Bəşirli barədə məqalə dərc edib.

Məqalədə bildirilib ki, erməni işğalından azad edilən Laçında anadan olan, Bakı kəndlərindən birində kiçik bir gecəqonduda yaşayan Sərvər Bəşirli türk qardaşlarının zəlzələ nəticəsində köməyə ehtiyacı olduğunu görərək köməklik göstərib:
“Biz bacardığımız qədər paltar, yorğan və döşək gətirdik. Artıq kifayət qədər yatacaq və isti paltar yardımı edildiyi üçün sabah ərzaq aparacağıq”.
Türkiyə ilə Azərbaycanın dost və qardaş olduğunu deyən Sərvərin əmisi oğlu İmamverdi Bəşirli, “Sosial mediada gördükdə bu yardım kampaniyasına bacardıqca dəstək olmaq qərarına gəldik. Baxmayaraq ki, maşınımız yaxşı vəziyyətdə deyil, yardımı apara biləcək qədər bizi idarə edir. Soyuqda qalmağın nə demək olduğunu yaxşı bilirik, bu, bizim də başımıza gəlib”.
Türkiyədə baş verən zəlzələ ilə bağlı dünyanın müxtəlif dövlətlərindən axtarış-xilasetmə qruplarının və yardımların göndərilməsi fonunda Fransada yayımlanan karikatura beynəlxalq ictimaiyyətdə hiddət doğurub.
Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salan karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə belə ehtiyac yoxdur” yazılıb. Prezidentin mətbuat katibi İbrahim Kalın karikaturaya “Müasir barbarlar! Nifrətinizdə boğulun” sözləri ilə reaksiya verib.
Sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasından sonra “Charlie Hebdo” karikaturanı “Günün cizgiləri” adlandırıb.
Fransızlara ən yaxşı cavab isə yunanlardan gəlib. Yunanıstanın “Kathimeri”ni qəzetinin “Charlie Hebdo”nun Türkiyədəki zəlzələ ilə bağlı karikaturasına cavab olaraq paylaşdığı rəsmdə “Biz hamımız türkük” yazılmış qraffiti təsvir edilib. Digər karikaturada isə çökmüş binaların üstündəki səmadakı ayparanın gözündən bir damla yaş düşür.
Gülnar Səlimova
Globalinfo.az

