Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tədbirində Azərbaycan dilinin qorunması ilə bağlı çıxışı maraqla qarşılanıb. Son illər rus dilinin məktəblərdə, idarələrdə və gündəlik məişətdə artan təsiri fonunda səsləndirilən fikirlərin təsadüfi olmadığı bildirilir.
Ölkə başçısının ana dili ilə narahatlığı bununla bağlı ola bilərmi? Hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, ölkə başçısının səsləndirdiyi fikirlər Azərbaycan dilinin milli kimlik, dövlətçilik dayağı kimi əhəmiyyətinə yönəlmiş mesaj idi:
“Dövlət başçısının “Azərbaycan dili bizim varlığımızın əsas sütunudur” sözləri əslində, təkcə dilə sevgi bəyanatı deyil, həm də çağırışdır. Bu, dilin qorunması, tədrisi və istifadəsinin hər sahədə üstün mövqeyə gətirilməsi istiqamətində xəbərdarlıqdır. Təəssüf ki, son illər bəzi sosial və informasiya mühitlərində, eləcə də gündəlik ünsiyyət məkanlarında dilimizin sıxışdırılması müşahidə olunur. Bəzi şəhər məktəblərində, idarələrdə və media platformalarında rus dilinin üstünlük qazanması bu narahatlığın səbəblərindən biridir. Prezidentin dil məsələsindəki həssaslığı da məhz bu reallıqla bağlıdır: dövlət dilinin mövqeyinin zəifləməsinə qarşı vaxtında və prinsipial reaksiya lazımdır”.
Aydın Hüseynov
Deputat qeyd edib ki, Azərbaycan dilinin güclənməsi üçün təkcə qanunlar yox, ictimai münasibət formalaşdırılmalıdır:
“Məktəblərdə dil tədrisinin keyfiyyəti artırılmalı, dövlət müəssisələrində ana dilində yazışma və sənədləşmə məcburi şəkildə aparılmalı, media, sosial platformalarda dilimizin istifadəsinə nəzarət gücləndirilməlidir. Gənclərin ana dilinə marağını artırmaq üçün müasir formatlarda, rəqəmsal tədris platformalarında, audio-vizual mediada və sosial şəbəkə məzmunlarında dilin təşviqi vacibdir. Prezidentin bu yöndəki mesajı bir mənada milli məsuliyyət çağırışıdır. Dövlət dili məsələsi təkcə filoloqların və ya pedaqoqların işi deyil, hər bir vətəndaşın mənəvi borcudur”.
Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü isə bildirib ki, İlham Əliyevin göstərişləri dilçi alimlərin qarşısında mühüm vəzifələr qoyur:
“Ədəbi dilin saflığını qorumaq hamıdan asılıdır. Çünki dilin daşıyıcısı xalqdır. Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur. Dünya dilləri içərisində öz qədimliyi, zənginliyi və poetik potensialı ilə seçilən Azərbaycan dilini qorumaq yalnız dövlətin işi olmalı deyil.
Təranə Şükürlü
Ümumilikdə Prezidentin çıxışı Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqəttini əks etdirir. Müasir dövrdə qloballaşma və internetin inkişafı nəticəsində gənc nəsil arasında, televiziya proqramlarında məişət üslubunun üstünlüyü görünür. Bu isə dilin üslubi imkanlarını zəiflədə bilər. Hər bir vətəndaş ana dilini sevərək düzgün normada istifadə etməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev dilimizin yad təsirlərdən qorunmamasını təkcə mədəni məsələ kimi deyil, milli varlığın zəifləməsi kimi qiymətləndirib. “10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımı tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur”, – deyə o bildirib.
Ləman İmran
Globalinfo.az














