Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycan qardaş ölkəyə yardımlar göndərməyə davam edir. İstər rəsmi dövlət səviyyəsində, istərsə QHT-lər və özəl sektor, həmçinin vətəndaşlar olaraq lazımi yardımlar göstərilir.
Bəs müxalifət partiyaları bu ağır günlərdə Türkiyə üçün hansı yardımları edir?
Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a bildirib ki, 2 TIR ərzaq yardımı artıq göndərilib:
“Onlardan biri partiyamızın mərkəzi qərargahı, digəri rayon təşkilatları tərəfindən təşkil edilib. O cümlədən, maddi yardımlar toplanır, onu da yaxın günlərdə hesaba köçürəcəyik. Gəncə, Göygöl, Samur rayon təşkilatları bu istiqamətdə xeyli çalışırlar. Onlar da müəyyən yardımlar edəcəklər”.
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli qeyd edib ki, qardaş Türkiyənin bu ağır günündə yardım toplanıb:
“Partiya üzvlərinin qardaş ölkədə zəlzələdən zərər görən insanlarımız üçün gətirdiyi yorğan-döşək dəstləri, qalın geyimlər, uşaq bezləri və digər yardımlar partiya qərargahında toplanaraq, gənclər tərəfindən qablaşdırılıb. Yardım aidiyyəti üzrə toplama məntəqəsinə təhvil verilib. Partiya qardaşlarımıza pul yardımı da yollayıb. AY Partiyanın yardımları bundan sonra da davam edəcək”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, partiyanın adından yardım toplanaraq “Ziraat Bankı”nda açılmış hesaba köçürülüb. Partiya üzvləri və təəssübkeşləri də yerlərdə müxtəlif kampaniyalarda iştirak edirlər.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, partiya “Ziraat Bank”da açılmış hesaba müəyyən məbləğdə vəsait köçürüblər. Rayon təşkilatlarına və üzvlərinə isə yardım kampaniyasında fərdi qaydada iştirak üçün sərbəstlik verilib. Üzvlər və yerli təşkilatlar kampaniyada iştirak edirlər.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bununla bağlı partiya Bakıda qərargah yaradıb:
“İki-üç gün ardıcıl olaraq öncədən müəyyən edilmiş yardım mərkəzlərinə yardımlar etmişik. Rayon təşkilatlarımızın əksəriyyəti bölgələrdə yardımların toplanması işinə kömək edir. Hər kəs imkanı daxilində yorğan-döşək, isti geyim və digər ləvazimatlar göndərir. Bu gün də yardım davam edir. Maddi yardım köməkliyi də edəcəyik. Hər dəqiqə ürəyimiz onlarla birlikdədir. Onların ürək ağrıdan duruma düşməsi bizi narahat edir və əlimizdən gələn yardımı bundan sonra da etməyə hazırıq”.
Gülnar Səlimova