2025 10 18 23 36 367kzd0PTHaLX4t6DNVGs6 file

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır.

Globalinfo.az xəbər verir ki, komissiya üzvü Nizami Cəfərov “Modern.az”a açıqlamasında bildirib ki, Milli Məclisin Toponimiya Komissiyasının kifayət qədər yer adları ilə işləmək təcrübəsi var:

“70 il ərzində sovet dövründə verilən yer adlarının bir hissəsinin dəyişdirilməsi ilə parlamentdə məşğul olduq. O vaxt mən də Milli Məclisin və bu komissiyanın üzvü idim. Burada bizim çox böyük alimlərimiz işləyirdi və bu ənənə bu gün də davam edir”.

Nizami Cəfərov qeyd edib ki, deputatlar həm təmsil etdikləri rayonların, həm də bütövlükdə ölkənin maraqlarını nəzərə alırlar:

“Milli Məclisin deputatlarının hər biri həm öz bölgəsini, həm də Azərbaycanı təmsil edir. Əgər hər hansı yer adının düzgün olmadığı barədə məsələ ortaya çıxarsa, ona baxılır. Ad estetik deyilsə, tələblərə cavab vermədiyi hallara diqqət yetirilir”.

O bildirib ki, bəzi problemlər adların mənşə və səslənmə fərqlərindən qaynaqlanır:

“Bəzən yerlərin çox gözəl, məzmunlu və tarixi adı olur, amma xalq arasında təhrif olunmuş şəkildə işlədilir. Məsələn, “Yekxana” adlı coğrafi ad var. Biz onu “Yekəxana” kimi tələffüz edirik. “Xana” komponenti ilə yaranan çoxsaylı coğrafi adlarımız var, lakin bunların çoxu fars mənşəlidir və Azərbaycan tarixi ilə ciddi əlaqəsi olduğunu demək çətindir. Ona görə də bu cür adlara ciddi düzəlişlər edilməlidir”.

Paylaş: