Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorı Aleksandr Bortnikovun açıqlaması narahatlıq doğurub. Onun sözlərinə görə, Moskvada Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin “Türk Axını” qaz kəmərinə qarşı təxribat əməliyyatları hazırlaması barədə məlumat var.
Bortnikov həmçinin iddia edib ki, Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin (SAS) təlimatçıları və MI6-nın əməkdaşları Rusiya, Qazaxıstan və ABŞ-şirkətlərinin səhmdar olduğu Xəzər Boru Kəməri Konsorsiumuna PUA-larla zərbələr endirmək üçün bir sıra hücumları planlaşdırıblar.
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, bu, gözləniləcək bir addımdır:
“Nəzərə almalıyıq ki, Ukraynada müharibə başladıqdan sonra Rusiyaya qarşı bütün istiqamətlərdə sanksiyalar tətbiq edildi. Mövcud təşəbbüsü beynəlxalq təcrid siyasəti adlandırmaq olar. Bu yolla Rusiyanı Ukrayna müharibəsində geri oturtmaq, zəiflətmək və sonda məğlub etmək hədəflənirdi.
Müharibə başladıqdan “ Şimal Axını” kəmərləri partladıldı. Bu, ilkin olaraq Avropanın Rusiyadan neft-qaz almasını məhdudlaşdırmaq məqsədi güdürdü. Çünki region ölkələri xəbərdarlıqlara baxmayaraq qaz alışını davam etdirirdi. “Türk Axını” Qara dənizdən başlayıb Türkiyəyə gedən bir kəmərdir. Ankaranın Ukrayna müharibəsində Avropadan fərqli mövqe sərgiləyərək neytral qalması səbəbindən, kəmərə hücum planı həm Rusiyanı, həm də Türkiyəni cəzalandırmaq niyyəti daşıya bilər. Bu yolla Moskvanın gəlirlərini azaltmaq, enerji ixracını məhdudlaşdırmaq və Türkiyə ilə münasibətlərinin pozulmasına nail olmağa çalışılması mümkündür.

Xəyal Bəşirov
Türkiyənin Rusiyadan qaz alması tərəflərin münasibətləri qorumağa çalışdığı mənasına gəlir. Göründüyü kimi, bir oxla bir neçə hədəfi vurmaq məqsədi güdülür. Avropanın hazırda Rusiyadan enerji asılılığı var və buun aradan qaldırılmasına çalışılır. Moskvanın da indiki məqamda qabaqlayıcı addımlar atması gözləniləndir. Yəni bu xəttin vurulması Rusiyaya heç bir halda sərf etmir, ölkənin maraqlarına ziddir. Hücum nəticəsində enerji resurslarının satışında problemlər yaranacaq, Moskvanın gəlirləri azalacaq. Belə bir vəziyyət isə Kremlə sərf etmir”.
Turan Rzayev
Globalinfo.az