Ramiz Mehdiyev bu mükafatlardan məhrum edilə bilər – Siyahı

Ramiz Mehdiyev bu mükafatlardan məhrum edilə bilər - Siyahı

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.

Ramiz Mehdiyevin vəzifəsi və təltifləri

Ramiz Mehdiyev 23.10.2019-cu il tarixindən etibarən Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. O, hazırda Təhlükəsizlik Şurasının üzvüdür. Ramiz Mehdiyev eyni zamanda, fəxri adı və dövlət təltifləri olan şəxsdir.

“Vikipediya” məlumatlarına əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.

Praktikada ağır dövləti cinayətlərdə ittiham olunan şəxslərin vəzifə səlahiyyətindən və dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı nümunələr mövcuddur.

Globalinfo.az bildirir ki, hüquqşünas Şamil Paşayevin APA-ya verdiyi məlumata görə, hazırda Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir: “Ramiz Mehdiyevin xüsusilə ağır cinayətdə təqsirləndirilməsi, əməlin ictimai təhlükəliliyi, xarakteri, şəxsiyyəti nəzərə alınmaqla öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulması, yəni, onun barəsində Cinayət Prosessual Məcəlləsinin 172-ci maddəsinə əsasən məhkəmə tərəfindən vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilməsi də mümkündür”.

Hüquqşünas deyib ki, Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər: “Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir”.

Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.