2c10b4d9 62d0 4436 9ce5 3632fdc6379b

İsrail tərəfindən ələ keçirilən “Azadlıq donanması”na aid qayıqlarda olan üç türkiyəli deputat artıq ölkələrinə qayıdıblar.

Qeyd edək ki, Səadət Partiyasının Bursa millət vəkili Mehmet Atmaca, Hatay millət vəkili Necmettin Çalışkan və Gələcək Partiyasının Dənizlidən olan millət vəkili Sema Silkin Ün İsraildən Azərbaycana deportasiya edilmişdilər.

01c75a3d 1ef9 478f 8e76 2ff350664739

Soldan sağa: Necmettin Çalışkan, Sema Silkin Ün, Mehmet Atmaca

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Globalinfo.az-a açıqlamasında türk millət vəkillərinin İsraildə saxlanmasının beynəlxalq toxunulmazlığı olan bu şəxslər üçün ciddi narahatlıq doğuran bir məsələ olduğunu deyib:

“İsrailin bu aktı qəbuledilməzdir. Bununla belə, atəşkəsin əldə olunmasına sevinirik. Lakin atəşkəsin imzalanmasına beş dəqiqə qalmış İsrail təyyarələri Qəzzanı bombalayırdı. İnşallah, ümid edirik ki, bu atəşkəslə istənilən nəticə əldə olunacaq. Tez bir zamanda orada davamlı strukturun qurulması, iki dövlətli həll yolu üçün şəraitin yaradılması, oradakı insanlara ən qısa zamanda yardımların göndərilməsi daim gündəmdə olan məsələlərdir.

Təbii ki, üç deputat həmkarımızın Bakı, can Azərbaycan üzərindən gəlişi bizim üçün də əhəmiyyətlidir. Biz həmişə bunu deyirik: “Biz bir millətin iki dövlətiyik”. Ona görə də Türkiyə və ya Azərbaycan, heç bir fərqi yoxdur, bizim torpağımız sayılır. Onların məhz Bakıdan gəlməsinə biz də sevindik”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: