“Ukrayna münaqişəsi dünyada həll edəcəyim səkkizinci böyük münaqişə olacaq, mən buna inanıram”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “RİA Novosti”yə açıqlamasında bildirib. O, qeyd edib ki, Ukrayna münaqişəsi həll olacaq.
“Biz artıq yeddi müharibəni və ya böyük münaqişələri həll etmişik. Səkkizinci isə, məncə, Rusiya və Ukrayna münaqişəsi olacaq. Düşünürəm ki, bu da baş verəcək”, – deyə əlavə edib.
Oktyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski, əgər ABŞ Ukraynaya “Tomahawk” raketləri göndərərsə, Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini bəyan edib. Zelenski həmçinin qeyd edib ki, əgər Ukrayna atəşkəs üçün imkan yarada bilsə, o zaman Amerika prezidentini Nobel Sülh Mükafatına təklif etməyə hazırdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Zelenskinin bu açıqlamalarına münasibət bildirərək, Ukrayna liderinin Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazır olması ilə bağlı etdiyi bəyanatların bir manipulyasiya cəhdi olduğunu vurğulayıb. Zaxarova bunun yalnız siyasi təzyiq yaratmaq məqsədini güddüyünü qeyd edib.
Tahir Turan
Globalinfo.az