Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.
Globalinfo.az-ın xəbərinə görə, səfirlikdən APA-nın Moskva bürosuna verilən açıqlamada bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:
“Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.
Bakıdan Moskvaya uçan azərbaycanlı sərnişinlər Rusiyanın Jukovski hava limanında saxlanılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlərdən biri məlumat yayıb.
“6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev hava limanından Rusiyanın Jukovski hava limanına eniş etdik. Yoxlanış məntəqəsində həmvətənlərimlə birlikdə heç bir səbəb olmadan saxlanıldıq. Artıq 3 gündür ki, bizi ac-susuz nəzarət məntəqəsində saxlayırlar”, – o, bildirib.
Sərnişinin sözlərinə görə, mobil telefonları əllərindən alınıb, mesajları icazəsiz oxunur, əlaqə nömrələri silinir:
“Vətənimizə nə zaman göndəriləcəyimizi soruşduqda isə bizə ya qalıb döyüşlərdə iştirak edəcəyimizi, ya da 25 illik deport ediləcəyimizi bildirirlər. Deportasiya prosesinin də təxminən 15-20 gün çəkəcəyini deyirlər”.
Məlumata görə, azərbaycanlılarla birlikdə nəzarət məntəqəsində Tacikistan və Qırğızıstan vətəndaşları da var.