kobaxidze 3

“Sabiq Prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi siyasi qüvvə ölkədə “Maydan” ssenarisini həyata keçirməyə cəhd edib”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin cəhd uğursuz alınıb:

“Dövlət ötən gün bu cəhdlərə tutarlı cavab verdi. Ölkədə sağlam və demokratik siyasi mühitin formalaşması üçün bizlərin seçicilər qarşısında xarici təsirləri və “Milli Hərəkat”ı tamamilə neytrallaşdırmaq kimi məsuliyyətimiz var”.

Xatırladaq ki, ötən gün Tbilisidə müxalifətin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar Prezident sarayına hücum edərək iqamətgahın ərazisinə daxil olublar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 6 etirazçı və 32 polis əməkdaşı xəsarətlər alıb.

Qeyd edək ki, 2014-cü ildə Ukraynada baş verən Maydan inqilabından sonra rusiyayönlü Viktor Yanukoviç ölkəsini tərk edərək Moskvaya qaçmışdı. Bu inqilabdan təxmin 1,5 ay sonra Rusiya Krımı anneksiya etmiş, 3 ay sonra Donbasda separatçılara verdiyi dəstəklə müharibə başlatmışdı. Meydana gələn Donbas müharibəsi isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı Rusiya hücumu ilə nəticələnmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: