İsrail tərəfindən beynəlxalq sularda saxlanılan “Qlobal Sumud Donanması”nın iştirakçıları Türkiyəyə gətirilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 “Sumud” iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.
Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən “Sumud” flotiliyasının doqquz gəmisini saxlamışdılar.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri “Sumud” humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən “Qlobal Sumud Donanması” gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.
Globalinfo.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.
“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, – Keçeli bildirib.













