Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb.
Globalinfo.az bildirir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
S.Qafarova keçirilən görüşlər, qəbul olunan qərarlarla bağlı ümumi məlumat verib:
“Ümumilikdə 3 sessiya, 22 iclas keçirilib, 110 qanun və qərar qəbul olunub. Həmçinin ölkənin ictimai-siyasi və sosial həyatına dair məsələlərə də münasibət bildirilib.
Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalararası dövrdə də davam etdirilib. Belə ki, parlamentin 20 deputatı 10 xarici ölkəyə 23 səfər edib. Deputatlarımız 5 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, eləcə də Moldovada keçirilən parlament seçkilərini müşahidə ediblər”.
Sessiyalar arasında 20 ölkədən 23 nümayəndə heyəti, ümumilikdə isə 134 xarici qonaq Milli Məclisdə olub. Milli Məclisin Sədri Azərbaycanın qonağı olan Türkmənistan Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Serbiya Milli Assambleyasının Sədri Anna Brnabiç, iki ölkənin icra orqanlarının yüksək vəzifəli şəxsləri, həmçinin iki beynəlxalq təşkilatın nümayəndələri və 5 ölkənin səfirləri ilə görüşlər keçirib.
Sessiyalararası dövrdə Milli Məclis Sədrinin 3 ölkəyə işgüzar səfərləri olub. Belə ki, sədr 27–30 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində, 4 avqustda isə Türkmənistanın Avaza şəhərində BMT-nin “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə” 3-cü Konfransı çərçivəsində Parlamentlərarası Forumda iştirak edib.
Bundan başqa, sentyabr ayında sədr Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən “ASEAN Parlamentlərarası Assambleyası”nın 46-cı Baş Assambleyasının sessiyasında və təşkilatın 2-ci Qadın Siyasi Liderlər Forumunda iştirak edib. İşgüzar səfərlər çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə də görüşlər keçirilib.
Safura Bənnayeva
Globalinfo.az