london baki 900x506 1

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələlərinə dair mühüm görüş keçiriləcək. Məlumatlara görə, bir gün əvvəl – sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında ilkin görüş baş tutacaq.

Qeyd edək ki, son illərdə Azərbaycan paytaxtı beynəlxalq miqyaslı kritik və mühüm görüşlərin keçirildiyi diplomatik mərkəzə çevrilib. Dünyanın müxtəlif bölgələrindən gələn tərəflər üçün Bakı neytral və etibarlı dialoq platforması rolunu oynayır. Daha əvvəl də İsrail və Suriya təmsilçiləri arasında mühüm görüşlər Bakıda təşkil olunub.

Budəfəki görüşdə effektiv nəticə əldə edilə bilərmi? Bakının bu prosesdə rolu necə qiymətləndirilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, İsrail və Suriya arasında baş tutacaq danışıqlar bölgə üçün dönüş nöqtəsi ola bilər:

“Bu gün Londonda İsrailin strateji işlər naziri ilə Suriyanın xarici işlər naziri arasında kritik danışıqlar başlayır. Bu danışıqlar İsrail-Suriya münasibətlərinin normallaşdırılması yollarının axtarışı məqsədini daşıyır. Sabah isə Bakı bu vacib dialoqun növbəti mərhələsinə ev sahibliyi edəcək. Bu, ilk belə təşəbbüs deyil, daha əvvəl də Bakıda bu iki tərəf arasında mühüm görüşlər keçirilmişdi.

elman nesirov yeni 1

Elman Nəsirov

Rəsmi Dəməşq və Təl-Əviv nümayəndələrinin paytaxtımıza üz tutması Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə verdiyi töhfənin miqyasını göstərir. Ölkəmiz münaqişə tərəfləri arasında vasitəçilik və barışıq yaradılması sahəsində ciddi təcrübəyə malikdir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi və peşəkar diplomatik bacarığı nəticəsində Rusiya ilə Türkiyə arasında münasibətlərin bərpasında da mühüm rol oynanıb. Bu proses barışığın bərpası ilə nəticələndi.

İndi isə Azərbaycan Suriya və İsrail arasında münasibətlərin normallaşdırılmasına dəstək verir. Bakıda keçirilən görüşlərin konkret nəticə verəcəyi gözləniləndir. Əgər bu prosesin nəticəsiz olacağı ehtimal olunsaydı, heç bu görüşlər belə baş tutmazdı. Yaxın Şərq böhranının tənzimlənməsi istiqamətində atılan bu addım, iki ölkə arasında münasibətlərin normallaşması baxımından dönüş nöqtəsi ola bilər və bu nöqtə məhz Azərbaycan paytaxtında qoyulacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: