Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”na dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquqi şəxsi əlavə olunub.
Eyni zamanda, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “BakuBus” MMC və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC siyahıdan çıxarılıb.
X X X
Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanın xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılır.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Azərbaycan Mədəniyyət və Xarici İşlər nazirliklərinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Həmçinin, Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödənilir.
X X X
“Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişikliklər edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edəcək.
X X X
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.














