“Qarabağ”ın tarixi uğura imza ataraq Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazanması gündəm olub. İndi komandamızın qarşılaşacağı potensial rəqiblər və bu nailiyyətin Azərbaycan futbolunun gələcək inkişafına təsirləri diqqət mərkəzindədir.
Bizə ən uyğun rəqiblər hansılardır? Bu uğur Azərbaycan futbolunun gələcəyi üçün nə vəd edir?
Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, ÇL-də “uyğun rəqib” axtarmaq absurddur:
“Avropanın ən güclü klub turnirində belə rəqib arzulamaq mənasızdır. Amma azarkeş mentaliteti bu məntiqi qəbul etmir. İndiyə qədər “Qarabağ”dan ÇL-in əsas mərhələsinə düşməyi tələb edirdik, bundan sonra da “Real”a, “Liverpul”a qalib gəlməyini istəyəcəyik. Şübhə yoxdur ki, “Qarabağ”ın bütün rəqibləri həm maliyyə, həm də səviyyə baxımından daha güclü olacaqlar. Biz “Qarabağ”ı təzyiq altında saxlamalı deyilik. Böyük ehtimalla, Avropa nəhənglərindən bir neçəsi komandamıza rəqib olacaq, hətta onlardan Bakıya gələnlər də olacaq. Bu, azərbaycanlı azarkeşlər üçün böyük hədiyyədir. Mən “Qarabağ”dan əsas mərhələdə heç nə tələb etmirəm, çünki realistəm, Azərbaycan futbolunun şərtləri məlumdur. Lakin istəyirəm ki, “Real”, “Barselona”, “Siti” kimi klublardan biri “Qarabağ”a rəqib olsun və Bakıya gəlsin. Bu, əsl futbol bayramı olar. Futbolun Azərbaycanda daha da populyarlaşması, kütləviləşməsi üçün bundan gözəl fürsət mümkün deyil”.
Natiq Muxtarlı
Jurnalist bildirib ki, ÇL-də “Qarabağ”dan nəsə tələb etmək diletantlıqdır:
“Əgər Avropa Liqasının qrupunda olsaydı, bunu edə bilərdik. Cəmi 2 gün sonra “Qarabağ” Şamaxıda süni örtüklü meydanda Yevlaxın “Karvan” klubu ilə qarşılaşacaq. Dəhşətli reallıqdır. Nəinki Yevlaxda, heç qonşu rayonlarda da stadion yoxdur. Məcbur qalıb Şamaxıda oynayırlar. Azərbaycan futbolunun bugünkü reallığı budur. İki il əvvəl “Qarabağ” Avropa Liqasının qrupunda “Bayer”ə böyük hesabla məğlub oldu. Amma pley-offda həmin komandaya kabus yaşatdı. Deməli, inkişaf üçün böyük klublarla mübarizə aparmaq, hətta onlara böyük hesabla məğlub olmaq da vasitədir. Gəlin, “Qarabağ”ı rahat buraxaq. Onsuz da bu komanda ÇL-də bacardığını edəcək. Nəyəsə nail olub-olmayacağı isə başqa məsələdir”.
Qeyd edək ki, bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.
Ləman İmran
Globalinfo.az