Azərbaycanın İrandakı səfiri ilə bağlı FAKTLAR

Azərbaycanın Tehrandakı səfirliyinə təşkil edilən terror hücumundan sonra ölkəmizin İrandakı səfirinin kim olması məsələsi yenidən gündəmə gəlib.

Globalinfo.az səfirin dosyesini təqdim edir:

Əli Fikrət oğlu Əlizadə 21 iyun 1978-ci ildə Naxçıvanda anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1994-1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində təhsil alıb.

2002-2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.

2003-2005-ci illərdə Naxçıvan MR Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.

2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib. Buna qədər isə Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub.

5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində isə geri çağrılıb.

Əli Əlizadə 7 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Tehranda baş verən terror aktından sonra isə 28 yanvar 2023-cü ildə geri çağırılıb.

O, 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı ilə təltif edilib. 2014-cü ildə isə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı” adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden, 2019-cu ildə isə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.

Zaira Akifqızı
Globalinfo.az