İlham Əliyev bir sıra sənədləri imzaladı – FOTO

İlham Əliyev bir sıra sənədləri imzaladı - FOTO

Prezident İlham Əliyev bu il iyulun 2-də Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bunlar, aşağıdakılardır:

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”

– “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”

Aidiyyəti qurumlar (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sazişlərin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

X X X

Ədliyyə Nazirliyinə yeni hüquq verilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər.

Bundan əvvəl bu hüquq yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə aid idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

X X X

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəsmi emblemi haqqında Fərman imzalayıb.

Globalinfo.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmanla “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilib.

Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib