Təhsil Tələbə Krediti Fondu artıq dörd ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində Fond, təhsilin əlçatanlığının artırılması, təhsil almaqda bərabər imkanların yaradılması və həmçinin sosial cəhətdən həssas əhali qruplarına – xüsusilə də aztəminatlı ailələrdən olan tələbələrə təhsilə çıxış imkanlarının təmin edilməsi istiqamətində dəstək göstərib.
Globalinfo.az xəbər verir ki, bu, Təhsil Tələbə Krediti Fondunun yaydığı açıqlamada bildirilir.
Açıqlamanı olduğu kimi təqdim edirik:
“Fond 2021-ci ildə ölkə başçımızın müvafiq Fərmanı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.
Təhsil tələbə kreditlərinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən həyata keçirilir. Qaydaya əsasən kreditin iki növü var: Sosial və Standart növ təhsil tələbə krediti.
Sosial növ təhsil tələbə krediti – bu kredit növü üzrə tələbələrdən qəbul balı və ya ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi) kimi təhsil göstəriciləri tələb olunmur. Əgər tələbə “Qayda”da nəzərdə tutulan sosial meyarlara cavab verirsə, o, sosial növ üzrə təhsil tələbə krediti almaq hüququna malikdir.
Standart növ təhsil tələbə krediti isə sosial həssas qrupa daxil olmayan və sosial növ kredit alma hüququna malik olmayan tələbələrə şamil edilir. Bu kredit növünün verilməsi “Qayda”ya əsasən tələbənin təhsil göstəriciləri – qəbul balı və ya ÜOMG-si nəzərə alınmaqla həyata keçirilir. Standart növ təhsil tələbə krediti almaq hüququ qeyd olunan şərtlərin hər biri uyğun gəldiyi təqdirdə təmin olunur.
- Tələbə illik təhsil haqqının 20 faizini özü ödəməlidir;
- Semestrlər üzrə tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və ya yuxarı olmalıdır.
Birinci tədris ilinin ilk semestrində isə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanda əldə olunan qəbul balı əsas götürülür. Qəbul balı Fondun vəsaitləri hesabına təhsil tələbə krediti əldə etmək istəyən şəxslər üçün Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş minimal həddən yuxarı olmalıdır. Yəni
- Bakalavriat səviyyəsi üçün 250 bal (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
- Magistratura səviyyəsi üçün 50 bal (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal);
- Subbakalavriat səviyyəsi üçün 110 bal;
- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3.
Dünya təcrübəsinə nəzər saldıqda, bəzi ölkələrdə dövlət tərəfindən verilən təhsil kreditlərinin dayanıqlılığı təmin olunmadığı üçün bu xüsusda olan sosial layihələrin ya fəaliyyətinə son verildiyi, ya da ciddi dəyişikliklər edilərək müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu müşahidə olunur. Halbuki təhsil kreditləri sosial xarakter daşıyan layihədir və əsas məqsəd gənclərin təhsilə çıxış imkanlarını artırmaqdır.
Respublikamızda fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu da bu istiqamətdə mühüm sosial missiya daşıyır. Qeyd etdiyimiz kimi, Fondun əsas hədəfi aztəminatlı ailələrdən olan gənclərin təhsilə çıxışını təmin etməkdir. Qaydalara uyğun olaraq, sosial kateqoriyaya aid edilən tələbələr üçün təhsil göstəriciləri (qəbul balı və ya ÜOMG) tələbi yoxdur. Bu meyarlar yalnız standart növ təhsil tələbə krediti üçün tətbiq edilir.
Tələbənin aztəminatlı ailədən olub-olmaması və ya digər sosial statuslara malik olub-olmaması, müvafiq qaydada Fonda məxsus https://e-ttkf.edu.az/ elektron sisteminə inteqrasiya olunmuş, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanının 8-ci bəndində qeyd olunan dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında yoxlanılır.
Məsələn, əgər tələbənin aztəminatlı ailənin üzvü olması ÜDSY (ünvanlı dövlət sosial yardımı) alması müvafiq dövlət orqanının alt sistemindən elektron qaydada təsdiq edilirsə, bu halda tələbəyə Sosial TTK verilir. Bu zaman həmin elektron məlumatın dəqiqliyinin yoxlanılması, eləcə də tələbənin ailə gəlirlərinin araşdırılması və aztəminatlılıq statusunun müəyyən edilməsi Fondun səlahiyyətlərinə daxil deyil.
Təhsil tələbə kreditlərinin verilməsi və ayrılmış vəsaitlərin geri qaytarılması üzrə mexanizmlərin düzgün və şəffaf işləməsi məqsədilə bütün risklər təhlil edilmiş, əsas risk qrupları müəyyənləşdirilərək mövcud qanunvericilik aktları formalaşdırılmışdır. Fondun təsis sənədi olan Nizamnaməyə əsasən Fond qeyri-kommersiya qurumudur və onun yaradılmasında məqsəd gəlir və mənfəət əldə etmək deyil. Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, sistemin özünü doğrultması, gələcəkdə daha çox tələbənin Fondun dəstəyi hesabına təhsil almasına və arzularını gerçəkləşdirməsi naminə bir sıra geniş miqyaslı tədbirlər icra edilir.
Belə ki, Fond vətəndaş məlumatlılığının artırılması istiqamətində bütün rəqəmsal kommunikasiya kanallarından, eləcə də ənənəvi üsullardan istifadə etməklə mütəmadi tədbirlər həyata keçirir. Bu məqsədlə hər tədris ilində iki dəfə ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələrlə, orta məktəblərdə isə abituriyentlər, onların valideynləri və müəllim heyəti ilə maarifləndirici və təbliğat xarakterli görüşlər təşkil olunur.
Bundan əlavə, media və reklam siyasəti aktiv şəkildə icra edilir ki, bu da daha geniş auditoriyanın Fond barədə məlumatlanmasına xidmət edir. Vətəndaşlar arasında təhsil tələbə kreditlərinə olan inam və məlumatlılıq səviyyəsi hər keçən gün artır. Bunun nəticəsi olaraq, hər yeni dövrdə edilən müraciətlərin və rəsmiləşdirilmiş kreditlərin sayı da artım dinamikası üzrə yüksəlməkdədir.
Fond öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında həyata keçirir. Müvafiq məlumatlar və statistik hesabatlar həm cari vaxt rejimində, həm də dövri olaraq ictimaiyyətlə və media nümayəndələri ilə paylaşılır. Fondun rəsmi internet səhifəsində (https://ttkf.edu.az/) ayrılmış kreditlərin sayı, kredit növləri üzrə bölgüsü, eləcə də interaktiv xəritə vasitəsilə bölgələr üzrə rəsmiləşdirilmiş kreditlərin statistikası təqdim olunur. Bundan əlavə, hər semestrin sonunda tam əhatəli təhlil və statistik məlumatlar hazırlanaraq veb saytın müvafiq bölməsində yerləşdirilir”.