Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycandakı fəaliyyətini 2025-ci ilin sentyabrında başa çatdıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Axille Depre jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda BQXK Bakı ilə dialoqu davam etdirir:
“Biz beynəlxalq humanitar hüquqla qorunan şəxslərin maraqları naminə fəaliyyətimizin gələcəyi ilə bağlı Azərbaycanın hakimiyyət orqanları ilə dialoq aparırıq”, – deyə Depre bildirib.
Təşkilat nümayəndəsi həmçinin qeyd edib ki, danışıqların təfərrüatları ictimaiyyətə açıqlanmayacaq, çünki BQXK özünün məxfilik prinsipinə sadiq qalır.
Qeyd edək ki, BQXK uzun illərdir Azərbaycanda humanitar fəaliyyət göstərir, xüsusən də münaqişə nəticəsində təsirlənmiş ərazilərdə axtarış, tibbi yardım və məlumat mübadiləsi sahəsində müsbət addımlar atıb.
Xatırladaq ki, avqustun 1-də XİN rəhbəri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti başa çatan nümayəndə heyətinin rəhbəri Draqana Koyiç ilə görüş keçirib. Görüşdə tərəflər əməkdaşlıq, sülh prosesi və humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tahir Turan
Globalinfo.az