Rusiya Federasiyası Daxili İşlər Nazirliyi “Respublika” nəşrinin keçmiş baş redaktoru Dmitri Kolezevin yenidən axtarışa verildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
Nazirliyin məlumat bazasında qeyd olunub:
“Kolezev Dmitri Evgenieviç Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yenidən axtarışa verilib. O, əvvəllər də axtarışda olub”.
Qeyd edək ki, Dmitri Kolezev Rusiya Federasiyasında həm “xarici agent”, həm də terrorçuların və ekstremistlərin reyestrinə daxil edilmiş şəxs kimi tanınıb. O, sonuncu dəfə 2022-ci ilin noyabrında axtarışa verilmişdi.
2024-cü ilin avqustun 6-da jurnalist qiyabi olaraq 7,5 il azadlıqdan məhrum edilib. Həmin qərara əsasən, Kolezev üç il müddətinə jurnalist fəaliyyətindən də uzaqlaşdırılıb.
İttiham tərəfi bildirir ki, onun Rusiya ordusu ilə bağlı yayımladığı materiallar cəmiyyətdə yanlış rəy formalaşdırmaq, reallığa uyğun olmayan məlumatları yaymaq və Rusiya Silahlı Qüvvələrinin nüfuzuna zərər vurmaq məqsədi daşıyıb.
Dmitri Kolezev hazırda ölkəni tərk etmiş hesab olunur və onun yeri məlum deyil.
Tahir Turan
Globalinfo.az