Məişət tullantılarının ictimai yerlərdə yerə atılması ətraf mühitin çirklənməsinə ciddi təhlükə yaradır. Qanunvericilikdə bu cür hərəkətlərlə bağlı qadağalar var və inzibati cərimələr nəzərdə tutulur. Bu qaydalar yalnız ekoloji təmizliyin qorumasına yox, cəmiyyətin sağlamlığının təmin edilməsinə yönəlib.
Bu istiqamətdə cərimə və qaydalar nədən ibarətdir?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, məişət tullantılarını nəzərdə tutulmuş yerlərdən kənara atılması inzibati məsuliyyət yaradır:
“Belə hallar İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, cəriməyə səbəb olur. Fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 4000 manat cərimə edilir. Həmçinin, qanun pozuntusu il ərzində yenidən təkrarlandıqda, cərimə məbləği daha da artırılır. Belə ki, bu məbləğ ardıcıl olaraq 1000, 2000 və 5000-dən 7000 manata qədər artırıla bilər”.
Ramil Süleymanov
Vəkil qeyd edib ki, qanuna görə iri şəhərlərdə, rayonlarda inzibati mərkəzlərdə zibil qabları arasında məsafə 100 metrdən çox olmamalıdır:
“Ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl edilməlidir. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır. Əgər avtomobil idarə edərkən maşından siqaret kötüyü, su qutusu və ya başqa hansısa əşya atılsa, vətəndaş yenə də cərimə ilə üzləşir”.
Ləman İmran
Globalinfo.az














