
“Azərbaycan bu gün hələ də elə mərhələdədir ki, özünü müdafiə etməyə ehtiyacı var”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə “APA Media Qrup”un baş direktoru Vüsalə Mahirqızının Azərbaycan mətbuatı ilə bağlı sualını cavablandırarkən bildirib.
“Bu gün Avropadan olan həmkarınız artıq sual verəndə də onu qeyd etdi. Siz Qərbin ictimai fikrinə, rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim medianın işlərinin əhatə dairəsi nə qədər geniş olarsa, o qədər də ölkə haqqında dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Yəni burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir. Bu, yeni önəmli reallıqdır”, – dövlət başçısı vurğulayıb.
V.Mahirqızı, həmçinin ölkə başçısına “Hazırda sosial media, süni intellektin dövrüdür, ölkəmiz ən çox əziyyət dezinformasiyadan əziyyət çəkir. Xüsusilə maraqlıdır ki, siz özünüz süni intellektdən istifadə edirsinizmi?”, deyə sual da ünvanlayıb.
Vüsalə Mahirqızı
Sözügedən sualı Prezident belə cavablandırıb:
“Mən süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərimdən bəziləri istifadə edir. Ola bilər gələcəkdə mən də istifadə edim, çünki bu sürətlə inkişaf edir”.