Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun alman əsgərlərinin rus əsgərlərini öldürməyə hazır olması ilə bağlı açıqlaması NATO-nun aqressiv mahiyyətini bir daha üzə çıxarır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı danışıb.
Zaxarova sərt bəyanatla çıxış edərək NATO-nun artıq “vəhşiləşdiyini” bildirib:
“Onlar sadəcə olaraq vəhşiləşiblər. NATO hansı ölkəyə hücum etməyi planlaşdırır? Rusiya heç bir NATO ölkəsinə təcavüz etməyi düşünmür. Amma ölkəmizə hücum edən məhz NATO-nun əvvəlki vəziyyətində, əvvəlki quruluşunda olan üzvləri olub”, – deyə o vurğulayıb.
Zaxarova qeyd edib ki, Rusiya dəfələrlə ən yüksək səviyyədə NATO ölkələrinə qarşı hərbi planlarının olmadığını bəyan edib. Onun sözlərinə görə, belə bəyanatlar vəziyyəti gərginləşdirir və dialoq imkanlarını çətinləşdirir.
Tahir Turan














