tehran baki moskva

Son dövrlərdə Rusiyaİran arasındakı münasibətlərdə gözəçarpan dəyişikliklər müşahidə olunur. Rəsmi Moskva İsraillə 12 günlük müharibə zamanı müttəfiqi olan Tehranı müdafiə etmədi. Bu məsələnin İranda müəyyən qədər inamsızlıq yaratdığı bildirilir.

Digər tərəfdən, ABŞ və onun müttəfiqləri artıq ciddi şəkildə Rusiyanı hədəfə alır. Kreml bir neçə bölgədə, xüsususilə Cənubi Qafqaza təsir imkanlarını itirir. Paralel olaraq isə tarixi rəqibi və müasir müttəfiqi olan İran Azərbaycanla münasibətlərini möhkəmləndirərək regiondakı gücünü artırmağa çalışır.

Təsadüfi deyil ki, Bakı və Tehran arasında diplomatik əlaqələr əvvəlki illərlə müqayisədə daha yaxın və davamlı bir xarakter alıb. Bu isə regionumuzda geosiyasi yeniliklərin anonsu kimi dəyərləndirilir.

Tehran-Bakı münasibətlərindəki yaxınlaşma Rusiya və İran arasındakı əlaqələrə necə təsir göstərir? Bu, Cənubi Qafqazdakı proseslərə hansı şəkildə yansıya bilər?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, 12 günlük İsrail-İran müharibəsi və sonrasında baş verənlər Tehranın Moskvadan fərqli geosiyasi koordinatlarda mövqeləndiyini göstərdi:

“Həm qlobal miqyasda, həm də Cənubi Qafqaz regionuna dair məsələlərdə iki ölkənin baxışları arasında ciddi ziddiyyətlər mövcuddur. Rusiyanın İrana lazımi şəkildə dəstək verməməsi və faktiki olaraq yalnız bəyanatlarla kifayətlənməsi, Tehranı şimal qonşusu ilə münasibətlərini yenidən gözdən keçirməyə məcbur edib. Əslində, bu, onun üçün gözlənilməz deyildi. Çünki 2014-2015-ci illərdə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar zamanı Rusiya onu nüvə silahı əldə etməkdən çəkindirmək üçün qətiyyətlə prosesə qarşı çıxmışdı. Bu, İranın keçmiş xarici işlər naziri Cavad Zərifin xatirələrində açıq şəkildə qeyd olunub. Zərif yazır ki, məhz Rusiyanın xarici işlər naziri Tehranın nüvə proqramından imtina etməsi və bu mövzuda sazişə qoşulması üçün daha çox təsir göstərib. O vaxtdan bəri Kremlin mövqeyi dəyişməyib, hələ də İranın nüvə dövləti statusuna malik olmasını istəmir. Bu, faktiki olaraq Mərkəzi Asiyada, Yaxın Şərqdə və Cənubi Qafqazda, bir sözlə, Moskva üçün həyati əhəmiyyət daşıyan bölgələrdə güclü bir rəqibin meydana çıxması deməkdir. İranın Rusiyadan müəyyən silah, sursat və nüvə texnologiyaları sahəsindəki asılılığını aradan qaldırması Moskva üçün strateji olaraq böyük bir itki olacaq. Hazırda rusların İrana təsir etmək imkanları yalnız bu sahələrlə məhdudlaşır”.

zaur ibrahimli 12
Zaur İbrahimli

Politoloq qeyd edib ki, İranın Qərblə mümkün əməkdaşlığı, Rusiya üçün ən arzuolunmaz ssenarilərdən biridir:

“Çünki bu, həm enerji bazarlarında ciddi rəqabətə səbəb olacaq, həm də Yaxın Şərqdə, Fars körfəzində, Cənubi Qafqazda və Mərkəzi Asiyada İranın təsirinin artmasına gətirib çıxaracaq. Bu isə Rusiyanın bölgədəki mövqeyini daha da zəiflədə bilər. İran indiki təcrid prinsipini sona çatdıraraq xarici siyasətini müasir dəyərlərə əsasən qurarsa, bu, Rusiya üçün yeni çağırışlar yaradacaq. Dünya ölkələrilə daha yaxın əməkdaşlıq edən və qonşuları ilə aqressiv münasibətlərdən əl çəkən Tehran Moskva üçün ən böyük təhdidə çevrilə bilər. Bu baxımdan, Rusiya 12 günlük müharibədə İranı dəstəkləmədi və strateji mövqeyini qorumağa çalışdı”.

İbrahimli əlavə edib ki, İranın həm daxili, həm də xarici siyasətində mərhələ-mərhələ transformasiya qaçılmazdır:

“Bu dəyişikliklər Tehranda Kremlin maraqları ilə daha ciddi toqquşmalara səbəb olacaq. Çünki İranın xarici siyasətindəki yeni istiqamət həm Rusiya ilə mövcud balansı pozacaq, həm də regionda və qlobal miqyasda fərqli geosiyasi dinamika yaradacaq. Hazırda xarici mətbuat İranın Rusiya ərazisində aktiv kəşfiyyat fəaliyyəti apardığını iddia edir. Bununla yanaşı, Rusiya və İsrail arasında kəşfiyyat əməkdaşlığının mövcud olduğu və bunun çox zaman Tehran hökumətinin maraqları ilə ziddiyyət təşkil etdiyi qeyd olunur.

İran Rusiya ilə münasibətlərini daha çox Çinə yönəldərək nizamlayacaq. Tehran artıq öz müstəqil xarici siyasətini daha da gücləndirir və bu, xüsusilə Çinlə əlaqələrin inkişafını şərtləndirir. Pekinlə münasibətlərin möhkəmlənməsi İranın Rusiya ilə münasibətlərində də dəyişikliklərə səbəb olacaq. Əvvəlki illərdə olduğu kimi, Moskvadan xüsusi gözləntilərinə sahib olmayacaq. Rusiya ilə münasibətlərin bir komponenti kimi Azərbaycanla əməkdaşlığın inkişafı da vacib bir məsələdir. Bakı ilə istiləşən münasibətlər, əlbəttə, Moskvanın üçün xoşagəlməz bir amildir. Rusiyanın maraqlarına uyğun olaraq, Tehran üçün daha məqbul olan vəziyyət Azərbaycana qarşı sərt mövqe sərgiləməsi və təzyiq göstərməsi olardı. Bu, İranın regional təsirini artırmağa və Türkiyənin maraqları ilə balans qurmağa da imkan verir. Belə bir şəraitdə, Rusiya, həm İranı, həm də müəyyən mənada Türkiyəni dəstəkləməklə və ya onların planlarına mane olaraq, özünü regionda mərkəz nöqtə kimi qorumağa çalışır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: