DeWatermark.ai 1752500335150

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana işgüzar səfəri beynəlxalq siyasi arenada xüsusi diqqət çəkdi. Əl Şaraa səfər çərçivəsində Prezidenti İlham Əliyevlə görüşdü. Liderlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin inkişafını müzakirə etdilər. Həmçinin Azərbaycanın bu ölkənin iqtisadi dirçəlişi və enerji təminatında mühüm rol oynayacağı açıqlandı.  

Məlumata görə, Suriya prezidentinin səfəri zamanı Bakıda bu ölkənin nümayəndələri ilə İsrail rəsmilərinin görüşü baş tutub. Tərəflər Azərbaycanın vasitəçiliyi ilə danışıqlar aparıb və bundan sonra da müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Diqqət çəkən haldır ki, Azərbaycan qısa müddət öncə Türkiyə və İsrail arasında da siyasi qarşıdurmanın həlli üçün danışıqlar platforması rolunu oynamışdı. Beləliklə, bu, Bakının Dəməşqin sadəcə iqtisadiyyatının bərpasına deyil, eyni zamanda siyasi əlaqələrinin inkişafına da dəstəyi kimi dəyərləndirilir.

Azərbaycanın vasitəçiliyi ilə baş tutan İsrail-Suriya danışıqları bölgədəki sabitlik və ikitərəfli münasibətlərin inkişafı baxımından hansı əhəmiyyətə malikdir?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Azərbaycan Suriya ilə münasibətləri dinamik şəkildə inkişaf etdirir, eyni zamanda İsrail ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir:

Bakı bu imkandan istifadə edərək növbəti dəfə mühüm bir körpü rolunu oynadı və İsrail-Suriya nümayəndə heyətlərinin danışıqlarına ev sahibliyi etdi. Görüş çərçivəsində həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik məsələləri müzakirə olundu. Xüsusilə, İran, “Hizbullah” və Livanla bağlı məsələlər ön plana çıxdı. Nəticə olaraq belə görüşlərin davam etdirilməsi üçün razılıq əldə olundu. Belə danışıqların yenə də Bakı şəhərində təşkil edilməsi istisna olunmur”.

elman nesirov yeni 1
Elman Nəsirov

Millət vəkili qeyd edib ki, Bəşər Əsədin hakimiyyəti dövründə Bakı-Dəməşq münasibətləri mürəkkəb və çətin xarakter daşıyırdı:

“Keçmiş hakimiyyətinin zamanında Suriya Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla əməkdaşlıq edir, onlara dəstək verirdi. Həmçinin, bir çox hallarda Əsəd Suriyadan ermənilərin qeyri-qanuni şəkildə Azərbaycanda məskunlaşmasına şərait yaradılması prosesini dəstəkləyirdi. Lakin artıq Dəməşqdə yeni hakimiyyət formalaşıb. Onun qurulmasında Ankaranın xüsusi xidmətləri olub, beləliklə, Türkiyə Suriyanın təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Eyni zamanda, Bakı da Ankara ilə birlikdə Dəməşqdə ciddi humanitar yardımlar göstərib. Azərbaycan xarici işlər naziri və baş nazirin müavini Suriyada səfərdə olub, rəsmi danışıqlar aparıblar”.

Deputat əlavə edib ki, Azərbaycan-Suriya münasibətlərində yeni bir mərhələ başlayıb və bu mərhələ hər iki dövlətin, xalqın milli mənafeyinə cavab verir:

“Səfər çərçivəsində ikitərəfli münasibətlərimizin geniş spektrini əhatə edən məsələlər müzakirə olunub. Xüsusilə enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Suriyaya dəstəyi ilə əlaqədar ortaq mövqe ortaya qoyuldu. Məlumdur ki, Azərbaycan il ərzində 50,3 milyard kubmetr qaz hasil edir, bunun təxminən 13 milyard kubmetri Avropaya, 10 milyard kubmetri isə Türkiyəyə nəql olunur. Həmçinin, 2,4 milyard kubmetr qaz qonşu Gürcüstan dövlətinə ixrac edilir. Beləliklə, Azərbaycanın ümumi ixrac potensialı 25,2 milyard kubmetrə çatır. Bakı 10 Avropa dövlətinə və 2 xarici ölkəyə qaz ixrac edir. Bu baxımdan, Suriya da Azərbaycanın qaz ixracını həyata keçirdiyi üçüncü dövlət ola bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: