“Baş verən hadisələr nəinki göstərir, hətta sübut edir ki, torpaqlarımızın sadəcə işğaldan azad edilməsi deyil, bütövlükdə regionumuzun “ağızlardan” dartıb çıxarılması kimi böyük bir siyasətə start verilib”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşü şərh edərkən deyib.
Politoloq bildirib ki, Cənubi Qafqaz qədər mürəkkəb kombinasiyalarla dolu bir region üçün bunu həyata keçirmək bir yana, o yola çıxmağa cəhd etməyi belə hər siyasətçi bacarmadı:
“Etiraf etməli və ən azı bir o qədər qürurla deməliyik ki, bunu sadəcə cənab Prezident İlham Əliyev bacardı, bacarır. Önümüzdə dayanan məsələ sadəcə sülh müqaviləsi deyil. Region düyünlərinin açılmamaq üzrə qarışdırılması istiqamətində həyata keçirilən ərazi işğalı, soyqırımı, şüurlu köçürmə, məcburi deportasiya, yollara bilərəkdən daş qoyulması, hələ üstəlik ideoloji basqılar kimi əsrlərlə yığılıb-qalmış, bu gün də davam edən problemləri kökündən həll etmək lazımdır. Bunun üçün Cənubi Qafqazın siyasi maraqlardan çıxıb, iqtisadi maraqlara qədəm qoyması vacibdir. Məhz o baxımdan milli maraqlar beynəlxalq aktorların barışmaz maraqları arasında incə balans tapılaraq realizə edilir.
İrəvan anlamalıdır ki, regiondan təcrid olunmaq və ya diktə siyasəti ona heç nə qazandırmayacaq. Dövlət başçımız son dərəcə uzaqgörən siyasətilə zamanında Ermənistana digər region ölkəsi kimi tranzit ola biləcəyini başa salmışdı. Şübhəsiz, tranzit olmaq müxtəlif tərəflərə bağlanmaq və o iplərdən həm də istifadə etmək deməkdir. Baş verən proseslər məlumdur. Bir həqiqət öz təsdiqini tapırdı ki, vasitəsiz, ikitərəfli görüşə cəhd edilən kimi bunu pozmaq üçün xarici olduğu qədər, daxili siyasətdə də əl atılmayan oyun qalmırdı.
Dövlət başçımız bu oyunların heç birinə getmədi, sayıq yanaşma ilə Ermənistanı reallıqları həzm etməyə vadar edir. İrəvan hökuməti aydın görür ki, əldə olunan nəticələrin üstündən xətt çəkmək, prosesləri pozmaq onun özünün parçalanmasına gətirib çıxardacaq. Necə ki,bu proses hazırda daxildə müşahidə edilir”.

Şəbnəm Həsənova
Politoloq bildirib ki, beynəlxalq nizam xarici siyasətin indiki reallıqlarda maksimum diversifikasiya edilməli olduğunu təsdiqləyir:
“Bunun uğurlu icrasını ortaya qoyan dövlətlərdən biri BƏƏ-dir. Bu dövlətin həm Azərbaycanla olan əlaqələri, həm də Ermənistanla müşahidə edilən münasibətləri ona danışıqlara meydan olma imkanı yaratdı. Bizə də vasitəçi deyil, hələlik sadəcə meydan lazımdır.
Nəhayət, Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar hər maneəyə rəğmən baş tutdu. Burada xüsusi qeyd etmək istədiyim məsələ delimitasiya komissiyasının görüşüdür ki, o da vasitəçilərdən azad olur. Zəngəzur dəhlizinin açılması da daxil olmaqla məsələlərin üst səviyyədə həll edilməsi barədə razılığa gəlinməsi yoldan da, cığırdan da çıxılmadığını göstərir.
Zəngəzur dəhlizi dövlət başçımızın da dediyi kimi sülhün fundamental elementlərindən biridir. Sözügedən dəhlizin açılmasını dəstəkləyən maraqların gücü nisbəti ilə bunu Ermənistanın, havadarlarının pozması güc nisbəti birincinin lehinədir. O ki qaldı adından asılı olmayaraq hər hansı bir sənədə, bu, keçid prosesində ola bilər. Asan olmayacaq periodda da hər şey baş verə bilər, gözləniləndir. Lazım olan sülh sənədidir ki, buna qədər qarşıda qoyulan iki mühüm məsələ də bəllidir”.
Turan Rzayev
Globalinfo.az