sukan bicaq

2020-ci ilin 6 avqust tarixində Biləsuvarda bacısının qeyri-rəsmi nikahda yaşadığı və sonradan ayrıldığı 1982-ci il təvəllüdlü Elxan Nuriyevi qətlə yetirən 1989-cu il təvəllüdlü Ayxan Heydərov Ali Məhkəməyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən A.Heydərov cəza müddətinin azaldılmasını tələb edib. Onun vəkilləri hadisə vaxtı Elxanın sərxoş halda olmasının, onun əxlaqsız hərəkətlər etməsi xüsusatlarının tam və əhatəli araşdırılmadığını bildiriblər.

Ali Məhkəmə şikayəti təmin etməyib və 12 illik cəza qüvvədə saxlanılıb. Daha əvvəl Şirvan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

Hadisənin hansı şəraitdə baş verməsinə gəlincə, Biləsuvar şəhər sakini olan Ayxanla keçmiş yeznəsi Elxan arasında mübahisə baş verib və onlar telefonda bir-birlərini təhqir ediblər. Bundan sonra Ayxan Elxanın dediyi yerə gedib. Lakin məsələnin böyüməməsi üçün Elxanın dostları oraya gələrək Ayxanı sakitləşdiriblər. Ayxan Heydərov “VAZ” markalı maşınına əyləşib uzaqlaşarkən Elxan sərxoş halda yenidən ona zəng edib və görüşmək istədiyini deyib. Onlar Biləsuvar şəhərində “Ucuzluq” adlı univermağın qarşısında görüşüblər. Ayxan maşından düşərkən bıçaq götürüb və Elxanın idarə etdiyi “Kia Sportage” markalı avtomobilin sol ön qapısını açaraq sükan arxasında olan şəxsə ardıcıl 3 zərbə endirib. Ağır bıçaq xəsarətləri alan şəxs vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: