dtx 0

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində “Vaqner” silahlı birləşməsi ilə əlaqədə olan iki Azərbaycan vətəndaşı – Ramil Əliyev və İsmayıl Həsənov saxlanılıb. Rəsmi məlumata görə, həmin şəxslər “Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojin tərəfindən xarici döyüş əməliyyatlarına cəlb olunublar.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər yalnız döyüşlərdə iştirak etməklə kifayətlənməyib, həmçinin digər Azərbaycan vətəndaşlarını da xarici ölkələrdə silahlı fəaliyyətə cəlb etməyə çalışıblar. Məhkəmə onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hadisənin Rusiya-Azərbaycan münasibətlərindəki həssas dövrdə baş verməsi diqqət çəkir və bu fakt ölkənin milli təhlükəsizliyi baxımından narahatlıqlar doğurur.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Azərbaycan daxili və xarici siyasətini öz qanunvericiliyi və beynəlxalq hüquq normaları çərçivəsində müəyyənləşdirir.
Onun sözlərinə görə, ölkənin daxili siyasəti Konstitusiya və ondan irəli gələn qanunlarla, xarici siyasəti isə beynəlxalq hüquq normaları və əməkdaşlıq etdiyi ölkələrlə imzalanmış ikitərəfli sazişlər əsasında formalaşır:

“Vətəndaşların saxlanılması, şübhəsiz ki, onların Azərbaycan ərazisində qanunsuz fəaliyyətləri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, “Vaqner” silahlı birləşməsinin fəaliyyəti təkcə Azərbaycanda deyil, elə Rusiyanın özündə və digər ölkələrdə də qadağandır. Azərbaycanın təhlükəsizlik orqanları bu günədək terror xarakterli və ya qeyri-qanuni hərbi strukturların ölkədə fəaliyyət göstərməsinin qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirib. Eləcə də bu cür qruplara vətəndaşların cəlb olunması ilə bağlı cəhdlərin qarşısı qətiyyətlə alınıb”.

yusif bagirzade

Yusif Bağırzadə

Politoloq onu da əlavə edib ki, ölkə təhlükəsizlik baxımından bu kimi hallara qarşı ardıcıl mübarizə aparır:

Azərbaycan mütəmadi olaraq öz milli təhlükəsizliyini qorumaq məqsədilə müxtəlif terror və silahlı qrupların ölkə daxilində fəaliyyətinin qarşısını almaq üçün qabaqlayıcı addımlar atır. Son həbs hadisəsi də məhz bu siyasətin davamıdır. Məsələ Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik fonunda baş versə də, hesab edirəm ki, saxlanılan şəxslərin Rusiya ilə münasibətlərə birbaşa təsiri olmayacaq. Hər kəs etdiyi qanunsuz əmələ görə layiqli cavabını alacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: