Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüşə tam dəstəyini ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəsmi nümayəndəsi Anita Hipper bəyanat verib.
Aİ rəsmisi iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəklədiklərini bildirib:
“Əvvəllər Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların 2025-ci ilin martında yekunlaşmasını alqışlamışd”.
Anita Hipper Əbu-Dabidəki görüşü regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım kimi qiymətləndirib və hər iki ölkəni sülh sazişinin imzalanması və ratifikasiyası prosesinə tezliklə başlamağa çağırıb.
“Əgər tərəflər arzu edərsə, Avropa İttifaqı əlavə dəstək və ekspertiza göstərməyə hazırdır”, – deyə Hipper vurğulayıb.
Tahir Turan
Globalinfo.az