Xankəndidə uğurla baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə görüşü Azərbaycan üçün yeni strateji imkanlar və regional əməkdaşlıq istiqamətində mühüm dönüş nöqtəsi oldu.
Tədbirdə Zəngəzur dəhlizinin açılması, Orta Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi və Pakistanla xüsusi strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi önəmli mövzular müzakirə edildi. Azərbaycan, beynəlxalq arenada öz nüfuzunu artırmaqla yanaşı, enerji, nəqliyyat və iqtisadi sahələrdə yeni əməkdaşlıq qapılarını açdı.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Zəngəzur dəhlizinin reallaşması regionda ticarət əlaqələrinin sürətləndirilməsi və Orta Asiya ilə yeni iqtisadi inteqrasiyanın təmin olunması baxımından kritik əhəmiyyət daşıyır:
“Bu dəhliz vasitəsilə Azərbaycan Şərq və Qərb arasında tranzit rolunu daha da gücləndirir, regional iqtisadiyyatın canlanmasına töhfə verir. Eyni zamanda, Pakistanla əlaqələrin xüsusi vurgulanması Bakının strateji mövqeyini möhkəmləndirir və iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq perspektivlərini genişləndirir.
Bütün bu proseslər Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük dividentlər gətirdi, ölkənin regional liderlik potensialını daha da artırdı və İslam dünyasında nüfuzunu möhkəmləndirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın milli maraqları baxımından strateji və tarixi əhəmiyyətə malik hadisədir. Bu sammit təkcə diplomatik təşəbbüs deyil, həm də ölkəmizin regional və beynəlxalq müstəvidə artan rolunun, güclənən suverenliyinin və möhkəmlənən siyasi iradəsinin təzahürüdür”.
Ekspert deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasi iradəsi və ardıcıl diplomatik fəaliyyətinin nəticəsi olaraq 44-günlük Vətən müharibəsindən sonra ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı post-münaqişə dövründə də beynəlxalq hüquqa əsaslanan yeni reallıqların əsas memarına çevrildi:
“Bu reallıqlar fonunda Xankəndində keçirilən sammit Azərbaycanın həm regional münasibətlər sistemində, həm də İƏT çərçivəsində yeni güc mərkəzi kimi qəbul edildiyini bir daha təsdiqləmiş oldu. İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi isə Azərbaycanın Qarabağ üzərində suverenliyinin beynəlxalq müstəvidə qəbul olunmasının praktik göstəricisidir. Heç şübhəsiz ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qırğızıstan Prezidenti Sadır Japarovun, Qazaxıstanın Baş naziri Oljas Bektenovun, İran Prezidenti Məsud Pezeşkianın və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın iştirakı Azərbaycanın diplomatik uğurlarının və regional liderliyinin parlaq sübutudur. Qeyd edək ki, bu sammit İƏT-in tarixində işğaldan azad olunmuş ərazilərdə keçirilən ilk ali səviyyəli beynəlxalq tədbirdir.
Bu fakt özlüyündə Ermənistanın Azərbaycana qarşı illər boyu apardığı işğalçılıq siyasətinə beynəlxalq miqyasda verilmiş konkret cavab olmaqla yanaşı, həm də ölkəmizin post-münaqişə dövründə reinteqrasiya və inkişaf gündəliyinə verilən güclü siyasi dəstəyi əks etdirir. Təbii ki, Xankəndi sammitinin əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi və Orta Dəhliz layihəsi oldu. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) Çin, Orta Asiya, Qafqaz və Avropanı birləşdirən strateji nəqliyyat xətti kimi artıq beynəlxalq miqyasda tanınır. Zəngəzur dəhlizi isə bu xəttin ayrılmaz tərkib hissəsi olaraq regionun tranzit potensialının tam reallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir”.

Aytən Qurbanova
Politoloq bildirib ki, 2024-cü ildə Azərbaycanın bu istiqamətdə atdığı addımlar nəticəsində Orta Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 3 milyard ABŞ dollarını keçib:
“Xüsusən Qazaxıstan ilə enerji və logistika sahəsində əməkdaşlıq çərçivəsində Xəzər dənizi üzərindən neft və neft məhsullarının daşınması Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki aparıcı mövqeyini daha da gücləndirib. Xankəndi sammiti həm də Türk dünyasının inteqrasiyası baxımından önəmli dönüş nöqtəsi hesab edilə bilər.
Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın iştirakı Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı dövlətlərdən biri olduğunu sübut edən bariz nümunədir. Zəngəzur dəhlizi və Orta Dəhliz ilə bağlı ortaq baxış isə öz növbəsində bu inteqrasiyanın dərinləşəcəyindən xəbər verir”.
A.Qurbanovanın sözlərinə görə, Azərbaycan-Pakistan münasibətləri artıq ənənəvi tərəfdaşlıqdan çıxaraq strateji müttəfiqliyə çevrilib:
“Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi davamlı dəstək, Ermənistan ilə bağlı açıq və prinsipial mövqeyi, həmçinin hərbi-texniki əməkdaşlıq sahəsində atılan addımlar bu münasibətlərin nə qədər dərin və güclü olduğunu sübut edir. Azərbaycanın da öz növbəsində Kəşmir məsələsində daim Pakistana siyasi dəstək göstərməsi bu strateji tandemin qarşılıqlı etimada söykəndiyini nümayiş etdirir.
Nəticə etibarilə, İƏT-in Xankəndində keçirilən 17-ci Zirvə görüşü bir daha göstərdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu reallıq artıq region ölkələri tərəfindən tam şəkildə qəbul olunub. Sammit Azərbaycanın diplomatik, iqtisadi və siyasi gücünün artmasının göstəricisi olmaqla yanaşı, regionun gələcəyində onun liderlik mövqeyinin daha da güclənəcəyinə zəmin yaratdı. Beləliklə də, bu zirvə bir daha sübut etdi ki, Xankəndi yalnız Azərbaycanın suverenlik rəmzi deyil, eləcə də o geosiyasi yüksəlişin və regional sabitliyin mərkəzidir”.
Turan Rzayev
Globalinfo.az