Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın bu ölkədəki səfiri Qurgen Arsenyanla Ermənistan mətbuatının Rusiya ilə bağlı materiallarını müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Söhbət zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi barədə məlumat verilib”, – XİN-dən bildiriblər.
Məlumata görə, görüş zamanı Qaluzin Arsenyanla ikitərəfli və regional gündəliyin bir sıra məsələlərini müzakirə edib. Xarici işlər nazirinin müavini Moskvanın Rusiya və Ermənistanın müvafiq idarələri arasında növbəti məsləhətləşmələrin keçirilməsi təklifini də təsdiqləyib.
Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan rusiyalı jurnalistləri degenerasiyalar adlandırmışdı. Siyasətçi həmçinin Rusiya telekanallarının respublikada yayımının dayandırılmasını təklif edib.
Tahir Turan













