“Zvartnots hava limanında Ermənistana girişimə qadağa qoyulduğunu dedilər. Amma hansı səbəbdən olduğunu açıqlamadılar”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyada yaşayan erməni əsilli Qafqaz üzrə ekspert Karen İgityan deyib.
O, sözügedən qadağa ilə bağlı heç bir məlumat və xəbərdarlıq almadığını bildirib:
“Hava limanında əvvəlcə mənə problem olduğunu dedilər, bildirdilər ki, səhv anlaşılmanın olması mümkündür. İki saat keçdi, dedilər ki, sizin girişinə qadağa qoyulub, amma səbəbini açıqlaya bilmərik. Amma iş üçün universitetə getməli olduğumu söylədim. Cavabında universitetin yazılı müraciət etməsini və rəsmi məlumat veriləcəyini qeyd etdilər.
Mən Ermənistanda doğulmuşam, gənc yaşlarımda Rusiyaya köçmüşəm və o ölkənin pasportunu almışam. Lakin Ermənistan vətəndaşlığından çıxmamışam. Baş verənlərə görə hüquqi proses başladacağam”.
Qeyd edək ki, son zamanlarda Ermənistanla Rusiya arasında gərginlik müşahidə olunur. İrəvan ötən ay Moskvanın ölkənin daxili işlərinə müdaxilə etməyə çalışdığını bildirdi və bu ölkəyə nota verdi. Ermənistan hökumətinin ölkə daxilində Rusiyaya bağlı qüvvələrə qarşı proses başladığı da bildirilir.
Əliyar Xəlil
Globalinfo.az