Erdogan nato 121

İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası mövzusu yenidən aktuallaşıb. Bəzi ekspertlər iddia edirlər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü əngəlləmir, Türkiyənin Alyansdan çıxması üçün çalışır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gələndə Türkiyə buna etiraz edən yeganə ölkə oldu:

“Məsələ ondadır ki, hər iki ölkə uzun illərdir Türkiyənin mübarizə apardığı terror təşkilatlarının (FETÖ, PKK, YPG, PYD) üzvlərinə siyasi sığınacaq, hətta vətəndaşlıq verir. Məhz buna görə rəsmi Ankara hər iki ölkənin NATO-ya üzvlüyünə qarşı çıxırdı. Lakin ötən il İspaniyanın paytaxtı Madriddə keçirilən üçtərəfli görüşdə razılıq əldə edildi. Həmin razılaşma sənədinə əsasən, İsveç və Finlandiya konstitusiyalarında dəyişiklik etməli, PKK, PYD, YPG və FETÖ terror təşkilatlarına qarşı mübarizəyə başlamalı idi.

husameddin inanc

Hüsamettin İnaç

Bir müddət öncə İsveçdə hakimiyyət dəyişsə də, yeni hakimiyyətin PKK və digər terror təşkilatlarına məsafəli davranması elə də ciddi problem yaratmadı. Lakin daha sonra ABŞ, Böyük Britaniya və Fransa İsveç və Finlandiyanın ölkədəki terrorçuları Türkiyəyə qaytarmasına mane oldu. Bununla onlar bu terror təşkilatlarına verdikləri dəstəyin ifşa edilməsinə mane olmaq istədilər”.

Politoloq vurğulayıb ki, Türkiyənin NATO-dan çıxması real deyil:

“Əvvəla, NATO nizamnaməsinə görə, üzv ölkələrdən biri öz istəyi ilə müraciət etməyəcəyi təqdirdə alyansdan xaric edilə bilməz. Belə əsassız iddiaları ABŞ və Böyük Britaniyanın kurasiyasında olan və terror təşkilatının maraqlarına xidmət edən yazarlar Avropanın  nüfuzlu qəzet və jurnallarında yazılı məqalələrlə gündəmə gətirirlər.

Bildiyiniz kimi, qarşıdan Türkiyədə prezident və parlament seçkiləri gəlir. Bu iddialarla seçicilərin fikrini manipulyasiya etmək hədəflənib”.

qabil huseynli esas

Qabil Hüseynli

Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir və Ankaranın təşkilatdan çıxması faktiki olaraq NATO-nun dağılması kimi bir şeydir:

“Türkiyə NATO-ya daxil olarkən SSRİ təhdidi ilə üz-üzəydi və çox gücsüz vəziyyətdə idi. Lakin bu gün Türkiyə təşkilata girdiyi kimi zəif, gücsüz deyil, əksinə NATO-nun ikinci ən böyük ordusuna malikdir. Bundan başqa NATO daxilində işinin peşəkarı olan türk zabitlər çalışır. NATO qoşunlarına böyük ölçüdə türk hərbi taktikası və strategiyası ilə təlimlər keçirilib. Türkiyənin NATO-ya ehtiyacından çox, NATO-nun Türkiyəyə ehtiyacı var. Çünki Türkiyə NATO-nun Yaxın Şərqə açılan qapısıdır.

Siyasi baxımdan olduğu kimi, bürokratik cəhətdən də Türkiyəni NATO-dan heç kim xaric edə bilməz. NATO nizamnaməsində üzvlərin yalnız öz istəkləri ilə təşkilatdan ayrılmasının mümkünlüyü qeyd edilib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: