Xəbər verdiyimiz kimi, ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğın baş verib. Sözügedən hadisənin təfərrüatları və ilkin səbəbi məlum olmasa da, sakinlər arasında narahatlıq doğurub. Digər tərəfdən, sosial şəbəkələrdə kinostudiyada yaşanan olay film sənayesi ilə müqayisə olunur, “kinomuz partladı” kimi ironik fikirlər səsləndirilir.
Baş verən hadisəyə film sənayesinin məşhur simaları nə deyir? Onların bu fikirlərə münasibətləri necədir?
Globalinfo.az-a danışan kinorejissor Ayaz Salayev belə bir müqayisəni yersiz adlandırıb:
“Yanğının konkret harada baş verdiyindən məlumatsızam. Amma filmlərimiz Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Oranın direktoru Cəmil Quliyevdir, mən isə müavin vəzifəsini icra edirəm. Lakin dünənki yanğın hadisəsini film sənayesi ilə müqayisə edənlər məsələyə savadsız yanaşırlar. O adamlar sadəcə şərh yazmağı bilirlər”.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının keçmiş rəhbəri Müşfiq Hətəmov kinostudiyanın yanmadığını bildirib:
“Yanğın kinostudiyanın binasında baş verməyib. Hadisə pirotexniki vasitələrin saxlanıldığı xüsusi anbarda olub. Həmin vasitələr çəkiliş zamanı istifadə edilirdi. Ora hər zaman nəzarətdə olurdu. Yəqin ki, Fövqaladə Hallar Nazirliyi (FHN) konkret nəticə haqda məlumat verəcək. Lakin deyə bilərəm ki, anbarın binaya aidiyyəti yoxdur. O, kinostudiyanın həyətinin bir küncündə yerləşirdi. Kino lentləri isə Dövlət Film Fondunda saxlanılır”.
Zaira Akifqızı
Globalinfo.az