Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunun İstanbulda keçiriləcəyi gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.
“Biz danışıqlar üçün platformanın hələ də İstanbul olduğunu düşünürük,” – deyə diplomat bildirib. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin dəqiq vaxtı nümayəndə heyətlərinin rəhbərləri tərəfindən müəyyən olunacaq.
Zaxarova həmçinin Türkiyəyə danışıqlar prosesinə göstərdiyi daimi qonaqpərvərlik və dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, daha əvvəl İstanbulda keçirilən iki danışıqlar raundu nəticəsində Rusiya və Ukrayna “minə-min” prinsipi ilə əsir mübadiləsi və “bütün-bütünə” formatında ağır xəstələr və 25 yaşadək gənclərin qarşılıqlı qaytarılması barədə razılığa gəlmişdilər.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, bu razılaşmaların tam icrasından sonra üçüncü danışıqlar raundunun tarixinin müəyyənləşdirilməsi gündəmə gələcək.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sonuncu görüş iyunun 2-də İstanbulda keçirilib.
Aysel Əliyeva
Globalinfo.az














