Keniyada qanlı etirazlar: 16 nəfər öldü, yüzlərlə yaralı var – VİDEO

Keniyada qanlı etirazlar: 16 nəfər öldü, yüzlərlə yaralı var – VİDEO

Keniyada bütün ölkəni əhatə edən etirazlar zamanı azı 16 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Amnesty International”ın Keniya bölməsinə istinadən məlumat yayıb.

Təşkilatın icraçı direktoru İrunqu Xauton bildirib ki, ölənlərin əksəriyyəti polis tərəfindən qətlə yetirilib. Onun sözlərinə görə, bu rəqəmlər Keniya Milli İnsan Hüquqları Komissiyası tərəfindən təsdiqlənib.

Bundan əvvəl Keniya Hüquq Cəmiyyəti, Polis İslahatları üzrə İşçi Qrupu və Keniya Tibb Assosiasiyası birgə bəyanatda 8 nəfərin öldüyünü açıqlamışdı.

Son məlumatlara əsasən, etiraz aksiyaları Keniya üzrə 47 dairədən 23-də baş verib. Azı 400 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, o cümlədən güllə yaraları ilə xəstəxanalara yerləşdirilənlərin bəzilərinin vəziyyəti ağırdır.

Ən genişmiqyaslı nümayişlər Nayrobi şəhərində keçirilsə də, digər şəhərlərdə də vəziyyət gərgin olub. Mağazalar, yanacaqdoldurma məntəqələri talan edilib, vandallıq və iğtişaşlar qeydə alınıb. Hüquq-mühafizə orqanları aqressiv qrupları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib, bəzi hallarda isə atəş açmağa məcbur qalıblar.

Qeyd edək ki, etirazlar ötən ilin iyununda vergi artımlarına qarşı başlanan kütləvi aksiyaların ildönümü münasibətilə təşkil olunub. Bu tarixdə fövqəladə zorakılıqla müşahidə olunan nümayişlər zamanı fəallar parlament və paytaxt bələdiyyəsinin binalarını yandırıblar.

Keniya Milli İnsan Hüquqları Komissiyasının məlumatına görə, ötən ilin iyununda keçirilən ikihəftəlik etirazlar nəticəsində 39 nəfər ölmüş, 350-dən çox insan yaralanmışdı. Sonda prezident xalqı narazı salan qanun layihəsini geri çəksə də, bunun nəticəsində hökumətin xarici bazarlardan təxminən 7,7 milyard dollar borc almağa məcbur olacağını bəyan etmişdi.

Aysel Əliyeva
Globalinfo.az