Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri bir neçə istiqamətdən təhlil edilir. Bu, xüsusən Rusiyada narahatlıq doğurub. Rusiyanın məşhur televiziya aparıcısı və şərhçisi Vladimir Solovyov, Ermənistan rəhbərliyinə qarşı sərt bir çağırış edərək, Paşinyanın Türkiyə ilə əlaqələrini möhkəmləndirmək cəhdini ciddi şəkildə tənqid edib. Solovyov, Ermənistanın belə bir lideri rəhbərliyində saxlaya bilməyəcəyini vurğulayıb.
Bu narahatlığın arxasında hansı amillərin durur? Rusiya bu səfərə qarşı niyə bu qədər həssas yanaşır?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, məsələnin daha geniş bir konteksti mövcuddur:
“Türkiyə-Azərbaycan birliyi geniş bir regionda söz sahibi olmaq istəklərini yavaş-yavaş həyata keçirirlər. İsrail-İran qarşıdurmasında da Türkiyə kifayət qədər fəal olub və siyasi addımlar atır. Regionda barış gücü kimi özünü getdikcə daha geniş miqyasda təsdiq edir.
Bu, həm də Azərbaycanın fəaliyyəti ilə bağlıdır. Çünki Azərbaycan, Cənubi Qafqazın inkişaf edən dövləti, faktiki olaraq orta güc səviyyəsində olan bir ölkə kimi geniş miqyasda konstruktiv fəaliyyət göstərir.
Füzuli Qurbanov
Nikol Paşinyanın Türkiyəyə səfəri məhz bu gücün qəbul edilməsinin göstəricisidir. Görünür, bəzi hallarda Ermənistan rəhbərliyi də müəyyən nəticələr çıxara bilir. Türkiyəyə səfəri, onun türk dövlətləri ilə əlaqələr qurma istiqamətindəki addımlarını gücləndirə bilər. Bu, həm qarşılıqlı faydalı əməkdaşlığı, həm də Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlıdır. Rusiya rəhbərliyi isə bu prosesi normal qarşılayır.
Ancaq bəzi qüvvələr var ki, imperiya təfəkkürü və şovinist baxışlardan əl çəkə bilmirlər. Solovyov da həmin qüvvələrdən biridir. O, elə bir fiqur və faktordur ki, ciddi qəbul edilməməlidir. Ermənilərə etdiyi çağırışlar da şovinist dairələr tərəfindən verilən mesajlardır. Ermənistanın, nəhayət, öz qonşuları ilə normal münasibətlər qurmaq xəttini qəbul etmək istədiyi gözləniləndir, amma bu çağırışların hansısa nəticə verəcəyini düşünmürəm”.
Safura Bənnayeva
Globalinfo.az