Tanınmış türkiyəli jurnalist Fatih Altaylının ilk ifadəsi ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Altaylı 20 iyun 2025-ci il tarixində sosial media üzərindən yayımlanan proqramdakı fikirlərin ona aid olduğunu deyib.
“Amma mən prezidenti nə hədələdim, nə də təhqir etdim. Bir araşdırma şirkətinin apardığı sorğuda vətəndaşlardan Rəcəp Tayyib Ərdoğanın ömürlük prezident olmasını istəyib-istəmədikləri soruşulub, onların 70 faizi belə bir konstitusiya dəyişikliyini bəyənəcəklərini bildirib. Şərhimdə dedim ki, türk xalqı öz iradəsi və nəzarəti xaricində dövlətdə kiminsə əvvəlcədən yüksək vəzifə tutmasını sevmir, səsvermə yolunu qəbul edir. Hətta sultanlar dövründən misal çəkdim. Açığı, heç ağlıma da gəlməzdi ki, bu tarixi məlumat prezident üçün təhlükə hissi yarada bilər”, – jurnalist bildirib.
Qeyd edək ki, Türkiyədə tanınmış jurnalist Fatih Altaylı barəsində cinayət işi açılıb.
İstanbul Baş Prokurorluğu 20 iyun 2025-ci il tarixində sosial media üzərindən yayımlanan proqramda jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan və təhdid xarakterli ifadələr işlətdiyini iddia edərək, ona qarşı “Prezidenti təhdid etmək” maddəsi ilə istintaq başladıb.
Başlanan istintaq çərçivəsində Fatih Altaylı bu gün axşam saatlarında saxlanılıb və polis nəzarətinə götürülüb.
Əliyar Xəlil
Globalinfo.az