putin pasinyan 900x506 1

Ötən gün erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın həbsi Ermənistanda geniş narazılıq və etirazlara səbəb oldu. Ermənistan hökumətini və Baş nazir Nikol Paşinyanı açıq şəkildə tənqid edən Karapetyan, Kremlin İrəvanda “hökumət dəyişikliyi” ssenarisində adı hallanan əsas şəxslərdən biri kimi tanınırdı.

Son dövrlər RusiyaErmənistan münasibətlərində Kremlin ölkə daxilində təsirini artırması və Paşinyanın yenidən Rusiyanın etimadını qazanmaq səyləri fonunda bu həbsin baş tutması xüsusi diqqət çəkir.

Belə bir vəziyyətdə Paşinyanın Karapetyanı zərərsizləşdirməsi onun siyasi meydan oxumasının qarşısını almaq cəhdi kimi qiymətləndirilir, yoxsa bu Kremlin razılığı ilə həyata keçirilən addımdır? Karapetyanın həbsi Kremlin Ermənistandakı siyasətinə meydan oxuma, yoxsa razılaşma kimi şərh edilməlidir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, “Tashir Group” şirkətinin qurucusu Samvel Karapetyan erməni diasporasının Rusiyadakı ən fəal və nüfuzlu nümayəndələrindən biridir:

“Rusiyada yaratdığı bu iri şirkət faktiki olaraq Ermənistanın elektrik şəbəkəsinin sahibidir və bu sahədə böyük təsirə malikdir. Eyni zamanda, Karapetyan ermənilərin Rusiyada olan nüfuzlu “Lazarev klubu”nun da aktiv üzvlərindəndir. Onun Rusiyanın aparıcı dövlət strukturları ilə sıx əlaqələri var, xüsusilə Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Dmitri Kozak və daxili işlər naziri Vladimir Kolokoltsevla yaxın münasibətləri ilə gündəmə gəlir. Maraqlıdır ki, onun şəriklərindən biri də Kolokoltsevun qohumudur, bu isə onun Kremlin daxilində ciddi dəstəyə sahib olduğunu göstərir.

Rusiya hökumətinin Ermənistan üzrə kuratoru kimi Sergey Kiriyenko fəaliyyət göstərir və bu şəxs vasitəsilə Rusiyanın regiondakı təsiri daha da güclənir. Bütün bunlar göstərir ki, Rusiya yönümlü oliqarxların Ermənistanın hazırkı Paşinyan hökumətinə qarşı aktiv mövqeyi ciddi şəkildə nəzərə alınmalıdır.

yusif 1
Yusif Bağırzadə

Samvel Karapetyanın fəaliyyəti birbaşa Rusiyanın strateji maraqlarına uyğun gəlir. Məsələn, o, erməni diasporunun “Lazarev klubu”nun iclasında Zəngəzur dəhlizinin açılmasına Ermənistan hökumətinin icazə verməyəcəyini bəyan etmişdi ki, bu da Rusiyanın bölgədə mövqeyini qorumaq siyasətini əks etdirir.

Son zamanlar Karapetyanın həbsi, ofisində və evlərində aparılan axtarışlar isə Paşinyan hökumətinin daxili siyasi mübarizəsi kontekstində dəyərləndirilir və Rusiyanın bu proseslərlə əlaqəsi olmadığı vurğulanır.

Nəzərə almaq lazımdır ki, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Rusiya öz təsirini artırmağa çalışır və bu prosesdə Karapetyan kimi şəxslərin rolu böyükdür. Ona görə də bu həbs tamamilə Ermənistan hakimiyyətinin “rəqibini” zərərsizləşdirmə cəhdi kimi qiymətləndirilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: