Ermənistanın, həmçinin etik məsələlərinə də nəzarət edən Korrupsiya ilə mübarizə Komissiyası ölkənin Baş naziri Nikol Paşinyanın erməni din xadimləri ilə bağlı paylaşımlarına dair araşdırma başladıb.
Globalinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən komissiyanın rəhbərinin səlahiyyətlərini icra edən Mariam Qalstyan açıqlayıb.
Onun sözlərinə görə, komissiya öz təşəbbüsü ilə araşdırma başladıb.
Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.
Onun sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.
Xatırladaq ki, Nikol Paşinyan mayın 29-da hökumətin iclası zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib. Paşinyan kilsə nümayəndəsini dayısının arvadı ilə gizli eşq yaşamaqda ittiham edərək, senzuradankənar ifadələrlə təhqir etmişdi.