איראן ארהב וביידן

ABŞ və Böyük Britaniya hazırda İranda və ümumiyyətlə Yaxın Şərqdə hakim olan islam rejimlərinin iqtidarda qalmasında maraqlıdır. Bu ölkələr mediada olan müəyyən təbliğatlarla islamı terror dini kimi təqdim edib ona qarşı olduqlarını göstərsələr də bir tərəfdən də bu rejimləri dəstəkləyirlər. 

Globalinfo.az-a mövzunu şərh edən Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, bu, islamla bağlı məsələ deyil.

Ekspert qeyd edib ki, XIX əsrdən başlayaraq, Qərbin Avropa və Yaxın Şərq siyasətində islam faktoru önəmli rol oynayıb:

“Amma burada vacib məqam Qərbin öz maraqlarına uyğun olaraq rejimləri formalaşdırması siyasətinin ön planda olmasıdır. Osmanlı dövlətinin dağılması ərəfəsində XIX əsrin ortalarından başlayaraq, Yaxın Şərqdə baş verən proseslərdə bunun əyani şəkildə şahidi olduq. Osmanlıya qarşı baş vermiş istər Ərəb qiyamları, istərsə də dini radikal hərəkatların formalaşması Qərbin öz maraqlarını həmin dövrdə yaratdıqları müxtəlif dini-ideoloji hərəkatlar, təriqətlər vasitəsilə təmin etməsi siyasətini ön plana atmasını göstərir. İndi də eyni proses təkrar olunmaqdadır. Bu, Yaxın Şərq ölkələri üçün xarakterikdir. Amma İranda daha fərqli məqamın şahid oluruq”.

Vüqar Zifəroğlu

V.Zifəroğlu qeyd edib ki, məsələnin mahiyyətini anlamaq üçün birincisi, 1979-cu il inqilabının necə baş verdiyini bilməliyik:

“Pəhləvilərin devrilməsi və islam inqilabının baş verməsinin əsasında hansı geosiyasi qarşıdurmalar dururdu, Avropa ilə Amerikanın maraqları harada üst-üstə düşürdü və ya ziddiyyət təşkil edirdi, yaxud da Fransanın, Britaniyanın, Amerikanın mövqeyinin nə olması ilə bağlı bütün bu suallara aydınlıq gətirdikdən sonra 1979-cu ildə baş verən proseslərin mahiyyətini anlamış oluruq. Bundan sonra bu gün Avropanın ayrı-ayrı ölkələrində İrana münasibətin hansı formada olduğunu, Qərbin bütövlükdə İranla bağlı planlarının hansı səviyyədə olduğunu demək olar”.

Siyasi şərhçinin sözlərinə görə, bu gün Qərbin İranda olan mövcud rejimin devrilməsində maraqlı olmadığına dair yekun qərar verə bilmərik:

“Masada müxtəlif planlar, versiyalar, layihələr var. İranın federallaşmasından tutmuş onun parçalanmasına kimi, rejimin dəyişərək Qərb yönümlü başqa bir idarəçilik rejimi ilə əvəz edilməsindən tutmuş, hətta Pəhləvilərin yenidən hakimiyyətə gətirilməsinə qədər versiyalar görürük. Hazırda İranda baş verən proseslər artıq yeni bir fazaya qədəm qoymaqdadır. Bu gün biz əminliklə etirazların beşinci mərhələyə keçdiyini deyə bilərik. Bu İran xalqının etnik mənsubiyyətindən asılı olmayaraq, insanların özünün beynində inqilabın baş verməsi məsələsidir. Artıq geriyə dönüşü olmayan bir proses başlayıb. Ola bilər ki, küçələrdəki qarşıdurmalar bir az daha səngimiş görünür. Amma yeni bir mərhələnin şahidi olmaqdayıq. Bu gələcəklə bağlı müxtəlif versiyaları ortaya atır. Onların hər biri bu və ya başqa dərəcədə sonrakı gedişatdan asılı olaraq aktuallığını saxlaya bilər”.

Gülnar Səlimova

Globalinfo.az

Paylaş: