3 iyun 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən məlumata görə tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.
Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının saxlanılması, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının güncləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İqtisadiyyat, ticarət, investisiyalar və ətraf mühit ölçülərinə toxunularaq, informasiya və kommunikasiya texnologiyaları, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və turizm, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl transformasiya sahələrində əməkdaşlıq üçün böyük potensial və imkanların olduğu bildirilib.
Dövlət xidmətlərinin əlçatanlığının təmini və asanlaşlaşdırılması sahəsində Azərbaycanın unikal layihəsi olan “Asan Xidmət” ilə Keniyanın “Huduma Proqramı” arasında intensivləşən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Azərbaycan və Keniya arasında təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının xalqlarımızın bir-birini daha yaxından tanıması və anlamasındakı rolundan bəhs olunub.
Azərbaycan Respublikasının Keniyanın paytaxtı Nayrobi şəhərində Səfirliyinin rəsmi fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığımızın daha sistematik və əhatəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***
3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamenti Senatının sədri Amason Ceffa Kinqi ilə görüş keçirib.
Nazirlikdən Globalinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər parlamentlərarası əməkdaşlığın, xüsusilə dostluq qrupları və komitələr səviyyəsində birbaşa təmasların təşviq edilməsinin əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli platformalarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində Keniya ilə mövcud məhsuldar əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) verilən önəm qeyd edərək, bu təşəbbüslərin qlobal gündəliyə göstərdiyi töhfə yüksək dəyərləndirilib.
Sonda tərəflər parlamentlərarası dialoqun daha da gücləndirilməsi və qarşılıqlı səfərlərin təşviqi vasitəsilə Azərbaycan-Keniya münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
***
3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb.
Nazirlikdən Globalinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd edilib.
Afrika ölkələri ilə əməkdaşlığın irəlilədilməsinin xarici siyasət prioritetlərimizdən biri olduğu, bu istiqamətdə BMT çərçivəsində indiyədək bir sıra təşəbbüslərin həyata keçirildiyi və bu əməkdaşlığı davam etdirmək niyyətində olduğumuz bildirilib.
Ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul olunan qərarların iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mövzusunun irəlilədilməsi baxımından əhəmiyyətindən bəhs olunub. Bu çərçivədə həmçinin BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq məsələlərinə toxunulub.
Eyni zamanda, 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində BMT ofisi, xüsusilə də UN-Habitat ilə əməkdaşlıq planları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***

3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər.
Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə birgə biznes forumların və ticarət missiyalarının təşkilinin faydalı olacağını qeyd ediblər.
Afrika ölkələrinin Azərbaycanın xarici siyasətində əhəmiyyətindən bəhs olunub, Keniya ilə yanaşı qitənin digər dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb.
Ölkəmizin uğurlu COP29 tədbirinin və qəbul olunmuş qərarları əhəmiyyəti, 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***18:39
Xarici İşlər Naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Milli Assambleyanın spikeri Moses Vetangulu ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Görüşdə parlament diplomatiyası vasitəsilə qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə edilib.


